“Dövlət Gömrük Komitəsi tərəfindən əməkdaşlara məzuniyyətlə bağlı qanunsuz şəkildə ərizə yazdırılır”.
Pravda.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya bir qrup gömrük əməkdaşı müraciət edib. Onların sözlərinə görə, ötən il üzrə istifadə olunmamış məzuniyyət günləri 2025-ci ilin əsas məzuniyyətinə birləşdirilir.
DGK tərəfindən hüquqlarının pozulduğunu deyən işçilər bu prosesin onlara seçim haqqı verilmədən, iradələrinə zidd şəkildə həyata keçirildiyini deyirlər: “Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əməkdaş iş ili ərzində məzuniyyətindən istifadə etmədikdə ona istifadə olunmamış günlərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, Məcəllənin 134.5-ci maddəsinə görə, tərəflərin qarşılıqlı razılığı ilə istifadə olunmamış məzuniyyət növbəti iş ilinə keçirilə bilər. Bənzər tələblər “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 87 və 91-ci bəndlərində də təsbit olunub. Həmin sənədə əsasən, gömrük əməkdaşları istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya almalı və ya bu günləri növbəti ilə keçirə bilərlər. Həmçinin Əsasnamənin 109-cu bəndinə görə, əməkdaşlar hər il əsas məzuniyyətə çıxarkən biraylıq əməkhaqqı həcmində müavinət əldə etməlidirlər. Lakin Dövlət Gömrük Komitəsində baş verənlər bu hüquqi tələblərlə uzlaşmır”.