Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olublar.
Kompleksin təməli 2022-ci il yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Memorial Kompleksin ərazisi 4 hektar təşkil edəcək. Kompleksin tərkibindəki muzey binası 2 mərtəbədən ibarət olacaq. Alt mərtəbədə əsas sərgi zalı yerləşəcək. Sərgi zalından kompleksin açıq sahəsinə çıxış olacaq. Açıq sahə spiral formalı divar boyu davam edərək raketin yerdə olan izini simvolizə edəcək.