Bir müddət öncə sabiq baş nazir Artur Rasizadə ilə böyük rezonans doğuran müsahibəmiz “Yeni Müsavat” qəzetində və Musavat.com saytında dərc olunmuşdu.
Ölkəmizin iqtisadi komandasına uzun illər rəhbərlik etmiş həmsöhbətimizin səmimi cavabları bir çox oxucularımızda maraq doğurmuş, hətta onun azərbaycanca belə sərbəst danışmasına, üstəlik, Hüseyn Cavidin əsərindən parçanı ana dilimizdə söylədiyinə inanmadıqlarını deyənlər də olmuşdu. Amma fakt faktlığında qalır və Artur Rasizadə bizimlə məhz ana dilimizdə danışıb, özü də hər hansı rusca ifadədən istifadə etmədən. Müsahibəmizin dərc olunmasından sonra bəzi oxucularımız bir sualı unutduğumuzu bizə dostyana “irad” tutdular və xahiş etdilər ki, imkan düşəndə bu barədə eks-baş nazirdən soruşaq. Söhbət cənab Artur Rasizadənin adının tarixçəsindən gedir.
Xatırladaq ki, 1942-ci ildə İkinci Dünya Müharibəsində - Krım cəbhəsində həlak olan kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu Artur müəllim əslən Naxçıvan Muxtar Respublikasından olsa da, 26 fevral 1935-ci ildə Gəncədə doğulub. Həqiqətən də təəccüblü görünə bilər, böyük türkçülük ideyasının daşıyıcısı və qurbanı olmuş Hüseyn Cavid nəslinin təmsilçisinə - onun böyük qardaşının nəvəsinə necə olub ki, Artur adını qoyublar? Yeri gəlmişkən, Cavid həbs ediləndə Artur Rasizadənin 3 yaşı var idi. Bu mənada türkçü ailəsində yeni doğulan körpəyə qoyulan ad ətrafında müzakirələrin getməsi təbiidir, hətta sabiq baş nazirin 90 illik yubileyini qeyd etməsindən sonra da...
Elə bu barədə təkrarən hörmətli Artur müəllim Rasizadəyə müraciət etdikdə, gülərək səmimiyyətlə sualımızı cavablandırdı: “Bu adı mənə atam verib. Mən dünyaya gələndə anam bərk xəstə idi, ölüm-dirim məsələsi var idi. Atam deyib ki, mən uşağa Artur adı verirəm”.