"İki ildir ki, dövlətin bizə verdiyi maaşı ala bilmirik. Əməkhaqqımız karta yüklənəndən sonra onu qeyri-qanuni olaraq əlimizdən alırlar".
Pravda.az xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya Mərkəzi Gömrük Hospitalında çalışan həkimlər müraciət ediblər.
Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl rəhbərlik tərəfindən onlara maddi problemlərin olduğu və bu səbəbdən bir müddət maaşlarından tutulacağı bildirilib:
"O zaman bizi bir yerə topladılar və dedilər ki, Dövlət Gömrük Komitəsinin (DGK) maddi durumu yaxşı deyil, Mərkəzi Gömrük Hospitalına tibbi alətlərin alınması üçün vəsait ayıra bilmir. Bunun üçün də biz həkimlər köməklik göstərməliyik.
Dedilər ki, sizin xəstə əməliyyatı və müayinələrdən onsuz da qazancınız olur. Bir müddət sizin gömrükdən əlavə olunan maaşlarınız kartınıza oturduqdan sonra həkim kimi işləyib əldə etdiyiniz qazancdan çıxılacaq. Məsələn, bir həkim ay ərzində 10 əməliyyat edibsə və bütün vergi və xərclər çıxıldıqdan sonra 3 min manat əməkhaqqı almalıdırsa, gömrükçü dövlət qulluqçusu olduğu üçün də bir o qədər də gömrük maaşı olacaq. Bizə dedilər ki, sizə ancaq həmin o gömrükdən alacağınız pul çatacaq. Dövlətdən bizə nə qədər maaş, bayram, məzuniyyət pulu gəlirsə, hamısını hesablayıb qazancımızdan çıxırlar".