Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə video formatda keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Elşən Soltanov "Global Force" şirkətində direktor vəzifəsində çalışdığını bildirib. O, imzalanan müqavilələrdən xəbərdar olmadığını söyləyib: "İmzaladığım müqavilələrin bir qismindən müəyyən səbəblərə görə xəbərim olmurdu. Neçə müqaviləni imzaladığımı xatırlamıram. Onların icrasından da məlumatım olmurdu. Ümumiyyətlə, bəzi məsələlərə görə şirkət daxilində rəhbərliklə problemlər yaşayırdım. Mən ofisin daxili işlərindən başqa heç nə ilə məşğul ola bilmirdim. Bu vəzifəyə məni Konstantin Kuçer təyin etmişdi".
Konstantin Kuçer prokurorun ünvanladığı suala cavab olaraq bildirib ki, o, belə bir tapşırıq verməyib.
Daha sonra K.Kuçerin vəkili məhkəməyə vəsatət verərərək bildirib ki, zərərçəkənlərin 2024-cü ilin iyulun 1-dən, 2025-ci ilin fevralın əhatə edən dövrdə ölkəyə giriş-çıxışı ilə bağlı məlumatlar məhkəməyə təqdim edilsin.
Onların Bakıda neçə dəfə olduğu müəyyən edilsin.
Məhkəmə müşavirəsi əsasında vəsatəti təmin edib.
Oleq Krapivinin vəkili isə müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib: "Oleq Krapivin peşəkar idmançıdır. Həmçinin o, aclıq aksiyasına da başlayıb. Onun ittiham olunduğu maddə az ağır cinayət hesab olunur. Xahiş edirəm onu ev dustaqlığına buraxılması ilə bağlı vəsatətimizi təmin edəsiniz".
Oleq Krapivin də vəsatətin təmin olunmasını xahiş edib:
"Mən 60 yaşındayam. Azərbaycanlı şahidlər də təsdiqlədi ki, mənim hadisə ilə əlaqəm yoxdur. Biz öz şahidlərimizi qoyub başqalarına niyə inanmalıyıq?”