Mart ayının 13-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda çıxış edən ARVK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Sonra iclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını, icbari təlimi, habelə ixtisas imtahanının şifahi müsahibə mərhələsini uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə öz arzusu ilə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
Bundan başqa, “Vəkillər Kollegiyasının “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planı” təsdiq edilib, o cümlədən “Vəkillik fəaliyyəti” adlı kitabın müzakirəsi və dərslik kimi təsdiq edilməsi məsələsinə baxılaraq müvafiq qərar qəbul edilib.
Həmçinin iclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin verilməsi ilə bağlı ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin müraciətlərinə baxılıb. Müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.



