"Oruc tutmayanların nə qədərsə vəsait ödəməsi iddiası Qurana qarşı hörmətsizlikdir. Allahla bağlı təsəvvürümüzün səhv olduğunu göstərən yanaşmadır”.
Pravda.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında ilahiyyatçı alim Elşad Miri Fuad Nurullayevin "Oruc tutmayanlar minimum 200 manat verməlidir” fikirini şərh edərkən deyib.
Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinin dini biznes halına gətirən ən böyük şirkət hesab etdiyini diqqətə çatdırıb:
"Sadəcə olaraq ianə adı altında vergi ödəmirlər. Halbuki təkcə həcc və umrə biznesindən milyonlarla dövriyyələri olduğu bilinən məsələdir. Nəzir adı altında yığılanlardan isə xəbərimiz yoxdur. Bu qurumun hansısa sədr müavininin açıqlaması da mövcud ənənəvi din anlayışına uyğundur, amma Qurana ziddir. Birincisi, Quranın heç bir ayəsində qadınların reql dövründə oruc tutmamaları, namaz qılmamaları barədə hansısa məhdudiyyət, qadağa yoxdur. Bunlar hələ də dinə patriarxal yanaşan dar düşüncənin məhsullarıdır.
İkincisi, Quranda oruc tutmayanın hansısa məbləğ ödəməsiylə əlaqəli ayə yoxdur. Bunu mövcud Quran tərcümələrindəki səhvdən çxardıqları nəticədir. Quranın 6236 ayəsindən cəmi-cümlətanı 5 ayə (Bəqərə 183-187) Ramazan orucuyla əlaqəli olduğu halda bu insanlar özlərindən müxtəlif hökmlər, fətvalar çıxarırlar. Quranın 2-ci surəsi olan "Bəqərə” surəsinin 184-cü ayəsinin cümlələrindən birinə belə məna veriblər: "Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Halbuki ayənin əslinə baxanda orada "taqəti olmayanlar”dan deyil, əksinə taqəti olanlardan bəhs edir. Yəni oruca taqəti olanların bir miskini doyuracaq qədər fidyə vermələri buyurulur. Allah səfərdə olanlara və xəstə olanlara oruc tutmamalarını tələb etmir, əksinə oruc tutmamağa icazə verir. Amma ayədə oruc tutmağın daha yaxşı olduğu vurğulanır”.