FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən “Xəmsə” şadlıq evi kompleksinə məxsus “VIP” və “Avropa zalı” adlı obyektlərdə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, obyektlərin təxliyə yollarının yanar materialdan olan üzlüklərlə bəzədilməsi, yanğın avtomatika qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmaması, obyektlərin şəxsi heyəti yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırmaması, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməməsi, dəhlizlərdə, pilləkan qəfəslərində, vestibül və hollarda konstruksiyaların səthlərinə yanar materiallardan bəzək üzlüyü çəkilməsi, təxliyə yollarında qəza işıqlarının quraşdırılmaması, elektrik qurğularının müayinəsinin nəticələri, aşkar edilən nasazlıqlar və görülən tədbirlərin operativ jurnalda qeydə alınmaması, təxliyə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılmasının təmin olunmaması, obyektlərin ərazisinin təmiz saxlanılmaması və obyektlərin əsaslı təmiri və yenidən qurulması zamanı tikinti layihə sənədlərinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmaması aşkarlanıb.