Qanuni oğru “Arif Sumqayıtski”nin adına görə başlayan söhbət davaya səbəb olub. İki ustaya ağır cəza verilib.
Hadisə işğaldan azad edilmiş Cəbrayılda baş verib.
Cəbrayılda inşa edilən orta məktəbin tikintisində fasadçı işləyən Asif işdən çıxıb evə gedən zaman yoldan keçən maşına əyləşib. Maşında sürücüdən başqa iki nəfər də olub. Həmin şəxslərdən biri Rövşən Bağırov olub. Söhbət zamanı Rövşən Asifdən harada yaşadığını soruşub. Asif Sumqayıtda yaşadığını deyib.
Rövşən Asifdən “Arif Sumqayıtski”ni tanıyıb-tanımadığını soruşub. Asif də “Bir Arif tanıyıram, o da şərəfsizin biridir”,- deyə cavab verib. Buna əsəbiləşən Rövşən Asiflə mübahisə edib və ona bir yumruq vurub. Onların mübahisəsini digər şəxslər sakitləşdirib. Lakin Asifin hirsi soyumayıb və işə geri qayıdaraq Rövşəni axtarmağa başlayıb.
Rövşəni tapmaqda Asifə iş yoldaşları da kömək edib. Rövşəni tapan zaman ara qarışıb. Asif şüşə butulka ilə Rövşənin başına vurub. Asifin iş yoldaşı Namiq isə taxta parçası ilə Rövşənə zərbələr endirib.