Tanınmış aktyor Türkay Cəfərli OLAY-a müsahibə verib.
O, teatr və kino aləmində baş verənlər, yeni layihələri, sənətçilər və cəmiyyətlə bağlı fikirlərini dilə gətirib.
- “Spinozanın tanrısı” filminin qalası oldu. Tamaşaçılara izləmək üçün səbəb deyin...
- Niyə izləsin deyə bilməyəcəm. Bir az kobud çıxacaq, amma deyim ki, bizim cəmiyyətdə filmi dərk edəcək “kafa” yoxdur. Psixoloji dramdır. İllərdir kino sahəmizdə bu mövzuda film olmamışdı. Bizim sahədə olan insanlar dəstək olmursa, kütlədən heç nə gözləyə bilmərəm. Sözüm sənət insanlarınadır. Beyinlərini dəyişmək, ideya anlayışını dərk etmək istəyirlərsə, izləmələri məsləhətdir. Bu, hamısına yox, çoxuna şamil olunur. Cavid Təvəkkülün öz dəsti-xətti var, hamı bilir ki, yaxşı rejissordur, dünyəvi ağıla malikdir, tək Azərbaycan üçün deyil. Çoxuna bu səpkili filmlər sərf etmir. Müasir dövrdə bütün dünya sevgidən əziyyət çəkir. Bu filmdə yarıxəyal, yarıgerçək sevgi nüanslar çoxdur. Köhnə kitabları geri qaytarmaq üçün filmin izlənilməsinə şərait var. Bir az xronometraj uzundur. İnanın ki, baxmağa dəyər. Mən 15 ildir sənətdəyəm, ən sevdiyim 5 işimdən biridir. Yeganə layihədir ki, 180-190 səhifəlik ssenarini bir nəfəsə, dayanmadan oxumuşam. Hər səhifədə bir macəra var. Elə ssenarilər olur ki, digər səhifədə nə olduğunu bilirsən. Burda isə elə deyil. Bəzi qurşaqdan aşağı zarafatlar, ölüm hadisələrinin olmadığı filmdir. Axı indi çoxdur. Gərək kimsə qatil ola, bir-birini öldürə, gəlin-qayınana mövzuları ola, bu onu orda zorlaya, o birini doğraya. Cəmiyyət baxıb bunları öyrənir. Mən tək deyə bilmərəm ki, bu filmə baxın. Ən azından 100-ündən ikisi baxsın, digərləri izləməsə də, desinlər ki, belə bir film var idi, Azərbaycan kinosundan keçdi.
- Kinoteatrdan çıxarıldı. Bu məsələ siz aktyorlarda ruh düşkünlüyü yaratmadı?
- Açığı qətiyyən vecimizə deyil. Rəhbərlik filmin kassa verməyəcəyini, art, festival filmi olduğunu bilirdi. Bu film beyin məsələsidir. Cavid Təvəkkülün beynindəın qorxurlar. Onun işinə qarşı laqeyd yanaşmaq... Əslində, yaxşıdır. Bu məqamda kimin kim olduğu üzə çıxır. Mən həyatım boyunca rejissor tərifləməyi sevməmişəm. Rejissorun işi aktyoru çəkməkdir, yəni o, məndən asılıdır. Amma Cavid Təvəkkülü 2012-ci ildən tanıyıram, neçə işlərdə birgə çalışmışıq. Ona görə də onun beyninə, iş prinsipinə bələdəm. Bilirəm ki, nə istəyir. Qətiyyən vecimə olmadı, maraqlı olmadı. “Spinozanın Tanrısı” mənim filmoqrafiyamda yaxşı mənada iz qoydu. Nə yaxşı ki, o izdə mənim az da olsa, dəstti-xəttim olmadı.
- “44” filminə də çəkildiniz. O layihənin də komandası güclüdür. İnsanlarda da maraq yaradır. Çəkilişləri necə keçdi?
- Hələ də çəkilişlər davam edir. Çox maraqlı işdir. İllərdir həsrət qaldığımız vətənpərvərlik mövzusunda layihələr yox idi. Qələbə əzmində filmlər yox idi.
- “Həyat deyəsən davam edir” (Fəryad 2) filmi oldu. Amma orada yumoristik məqamlar çox idi.
- O film ümumiyyətlə mənə çatmır. Son dövrlərdə hamımız müharibə və tarixi filmə acıq. Çünki bizim tariximiz genişdir və bütövlük uğrunda mübarizəmizdə qalib olduq. O ki qaldı iş prinsipinə... Çətindir. Amma çox gözəldir. Mən hərbi xidmətdə olduğum üçün oradakı elementlər mənə yad deyildi. Hər bir elementi, səhnəni sevə-sevə işləyirik. İnşallah, Allah bizi utandırmaz. Filmin gözəl kollektivi var. Həm də yaxşı döyüş səhnələri var. Saatlarla çəkilişdə qalıb, gecə qayıtmağın, əynində uzun müddət hərbi formada işləməyin əziyyətinin bəhrəsini görəcəyik. Mən 3 gün “44”də çəkilirdim, 5 gün “Spinozanın Tanrısı”nda olurdum. Gedib-gəlirdim. Bakı-Şuşa-Füzuli-Horadiz üzrə gedib-gəlirdim. Bizim həyatımız sərgərdan kimidir. Bu filmdən gözləntilərimiz çoxdur. Fikrimcə, istər kadr, istər ssenari, istərsə də ideya cəhətdən müharibə ilə Qarabağla bağlı Azərbaycanın yarasını sara biləcəyik. Mən özüm də beşəlli gözləyirəm.
- Filmə Özge Gürelin dəvət olunmassı müzakirə yaratdı. Dedilər ki, Azərbaycanda aktrisa qalmayıb, Türkiyədən dəvət olunur? Amma Özgenin obrazının türk olduğunu anlamadılar. Filmin aktyoru kimi sizin reaksiyanız necə oldu?
- Açığı Özge xanımla rastlaşdığım məqam yoxdur. Spoyler vermək istəmirəm, mən qrup nəzdində olan zabiti oynayıram. Belə lazım imişsə, türk obraz üçün türk aktrisa oynamalıydı. Burada okeydir. Hər halda orada neçə baş sındırırlar, deməli, belə məsləhət imiş. Əgər obraz azərbaycanlı olduğu halda türk aktrisa çağrılsaydı, mən də razı olmazdım. Çünki qat-qat güclü aktrisalarımız var. Burada obraz sırf türkdürsə, narahatlığa səbəb yoxdur.
- Kino öz yerində, teatrda vəziyyət necədir?
- Acınacaqlıdır. Bilirsiniz ki, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoruyam.
- Sizdə də baş rejissor vəzifədən getdi.
- Bəli, hələ ki bir xəbər yoxdur. Tam cavab yoxdur. Qaldı ki, teatrın fəaliyyətinə... Fəaliyyətdən çox dəyərdən danışmaq istəyirəm. Bilirsiniz ki, Şuşa Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtıdır. Təəssüf ki, laqeyd yanaşmaya görə, Şuşa teatrı mədəniyyətin küncündə qalıb. İstər Mədəniyyət Nazirliyi tərəfindən, istərsə də Teatr ittifaqı tərəfindən. Elə bil ki, qəribə düşmənçilik var. Düzdür, gərək teatr da özünə dəyər versin. Amma Şuşa mədəniyyətin beşiyidir cümləsini mübağiləli şəkildə işlədiriksə, diqqət, qayğı olmalıdır. Sistemlə gedirik. Oynadığımzı hər tamaşadan zövq almırıq. Mən həm də xidməti-müqabili əsasında “OYUN” inklüziv tamaşasında da iştirak edirəm. İki-üç tamaşa oynayırıq. Oradan zövq alıram. Çünki tamaşalar adamı çağırır. Ümid edirəm ki, Şuşa teatrı da aidiyyəti orqanlar tərəfdən dəyər görər. Xüsusilə də Mədəniyyət Nazirliyindən. Qəribə bir laqeydlik var. Elə bil ananın üç uşağı var, ikisini çox istəyir, birinə laqeyddir. Çölə çıxanda hamı onu tərifləyir. İnşallah gözəl tamaşalar çıxar. Zövq alaram. Çünki biz hamımız acıq. Ümid edirəm ki, Şuşa Teatrının fəaliyyəti dövründə tamaşalar, sistem cəhətdən yenilik gələr. Nə qədər ki, canımızda enerji var, yaxşı mənada xərcləmək lazımdır. Aktyor sənaye, xammal kimi yox, yaxşı iş müqabilində istifadə olunmalıdır. Yoxsa həvəssiz tamaşa oynamaq...
- Laqeyd yanaşma hansı istiqamətdədir?
- Mədəniyyət tədbirlərdə Şuşa teatrı demək olar ki, sayılmır. Məsələ, pul, qonorar deyil, diqqət və dəyərdir. Bilirəm ki, nazirlik aktyorları, qurumları tanıyır. Şuşa teatrının aktyorlarına qarşı qəribə yanaşma var. Futbolda offsayt deyirlər, sən qol vursan da, deyirlər, qol deyil. Biz həmin mövqedəyik. Bu tendensiya dayanmadan davam edir. Şuşa teatrı torpaqlarımız alınmamışdan əvvəl də beləydi, indi də belədir. Səbəbi anlaya bilmirəm ki, niyə bizə qarşı belədir? Əminliklə deyirəm ki, Azərbaycan teatrları içərisində ən çox zəhmətlə çalışan bizim teatrdır. Biz demək olar ki, hər gün tamaşa oynayırıq. Bəs niyə oynayırıq? Diqqət göstərilmirsə, 3-5 manata niyə tamaşa oynayırıq? Teatrın ümidinə qalsaq... Mən sənətə filmlə başlamışam, ona görə kino, serial, obyektiv daha doğmadır. O səni atmır. Teatrda isə ayrı-seçkilik var. Ən çox işləyən, zülm çəkən sənsən, hər gün 3-4 seans tamaşa oynanılır. Amma yaddan çıxan da sizsiniz. Offsaytda qalmışıq. Səbəbini heç kim bilmir.
- Qonorar azlığı bu sahənin əsas problemlərindən biridir. Bu məsələdə də teatr geridə qalır?
- Artan qonorarın zərrə təsiri yoxdur. Minumum əmək haqqı kimidir. Teatrın ümidinə qalsaq, yaşayış çətin olar. Ona görə də orada-burada iş axtarırlar. Heç kim də onları qınaya bilməz. Mədəniyyətə verilən dəyər budur. Heç olmasa, mükafat, ayda nələrsə olmalıdır. Mən özümü demirəm, ümumi danışıram. Məndən böyüklər, kiçiklər var. Sadəcə ümumi danışıram. Teatrın dərdi böyükdür. Bunun səbəbi özümüz deyilik.
- YUĞ-da da fəaliyyətiniz olub.
- Tələbəlik dövrümdə. Teatr fəaliyyətimdə ən zövq aldığım dövr idi. Orada keçirdiyim günlər, oynadığım tamaşalar. Ora başqa aləm idi. Söhbət 2010-2011-ci illərdən gedir. Onda aldığım zövqü, vaybı hələ ala bilmirəm.
- Vidadi Həsənovun dövrü idi...
- Bəli, Vidadi müəllimin vaxtında. Rəhmətlik Vaqif İbrahimovun dövründə idi...
- İnşallah yenə teatrdan aldığınızı zövqü ala bilərsiniz.
- İnşallah (gülür).
- “Köhnə çamadanlar”da erməni obrazı canlandırmışdınız. Necə hazırlaşmışdız obraza?
- Mən elə şeydən zövq alan biriyəm. Biz çox filmlərimizdə ermənini ancaq “ara-ara” deyə, təqdim etmişik. Səidə xanım sağ olsun, ona təklif etdim ki, biz düşməni güclü verməliyik. Güclü təqdim etməliyik ki, onun üzərində qələbəni qeyd edək. Dedim ki, istəyirəm ki, bu erməni çox soyuqqanlı olsun, sırf zabit olsun. Bəzən onun vəhşiliyinə də bir səbəb olsun ki, bu zabit niyə belədir? Onun tapşırığı niyə belədir ki, uşaqlara qarşı zülm etsin, ya da nəyinsə qisasını alsın? Hər şeyin başında yaxşı müzakirə durur. Biz də Səidə xanımla məsləhətləşdik ki, belə lazımdır. “Fəryad 2” filmində Məlik Dadaşov erməni obrazı ilə şou göstərmişdi. Orada “ara-ara” demir. Millət onu sevir. Düşməni əzəmətli təqdim etməlisən ki, onun üzərində qələbə qazanmışıq. İzləyənlər deyirlər ki, son dövrlərdə biz güclü erməni gördük. Dedim ki, bizə o lazımdır. Rəqibi həmişə aşağılamaq deyil.
- “Fəryad 2”dən söz düşəndə dediniz ki, nəsə sizə çatmır.
- Baxmamışam. “Fəryad”dan sonra baxmaq istəmirəm. Kənardan yaxşı fikirlər eşitməmişəm deyə, özümə baxmamağı məsləhət bilirəm. Bəlkə nə vaxtsa yayımlansa, maraq üçün izləyərəm. Ssenaridən məlumatlı deyiləm. Dedim ki, hələ ki arxivimdə qalsın, nə vaxtsa izləyərəm.
- Sosial şəbəkələrlə aranız necədir?
- Məcburuq. Əsasən instaqram və feysbukda aktivəm. Tiktok-dan iyrənirəm. Tiktok cəmiyyətin 80 faizini layiqincə poza bildi. Mənim üçün ən doğma feysbukdur, ilk o yaranmışdı deyə. Həm də feysbukda daha çox sosial məlumatlar əldə edirsən. Bizim də işdə elədir ki, sosial şəbəkələrdə aktiv olmalısan. Qaldı ki, Tiktok bataqlıqdır. İnsanların çoxu içindəki mənfi yanğını ortaya atıb gedirlər. Cəmiyyət göz görə-görə pis yerə gedir. Deyirlər ki, orada faydalı səhifələr də var. Amma həmin faydalı səhifələr onların kölgəsində qalır. Görün nə qədər çoxluq var. İnsanlar mənəviyyatını ortaya atıb, 14-16 yaşında gənclər, yalvarmaqlar, analar-babalar, bacılar... Baxırsan ki, bizim kültürümüz belə olmayıb, birdən-birə nə dəyişdi? Onu niyə biz etmirik? Allah ağıl verib. Həyatda ən qorxduğum şey ağılın başdan çıxmağıdır. Sonra fikirləşirəm ki, ağıl da bəhanədir, deməli niyyətin ora imiş. Asan pul qazanmaq üçün kiminsə mənliyinin altında əzilmək, kimisə söyüb üzr istəmək...
- Amma Tiktok-dan pul qazanan həmkarlarınız var.
- Qazansınlar. Təki halal xoşları olsun. Amma mənəviyyatla qazansınlar. Mənim üçün həyatda ən böyük şərt nə geyindiyim, hansı filmdə oynadığım deyil. Öləndə kişi kimi öldü, yoxsa vicdansız kimi... Çox təəssüf ki, çoxu dünyasını dəyişəndə bilinmir, vicdanlı öləcək, ya yox. Söhbət Tiktok-da pul qazanan həmkarlardan getmir. Ümumi danışıram. Özü də bu biabırçılıq, Azərbaycanda geniş vüsət alıb. Başqa ölkələrdə çox azdır. Çünki insanlar öyrənməyi, təhsilə yiyələnməyi sevirlər, bizim kimi tərbiyəsizliyə meyil etmirlər.
- Elə istedadlı aktyorlar var ki, elə insanlarla Tiktokda canlı yayımlar açırlar, sanki özlərini təhqir etmiş kimi çıxır.
- Bu, o deməkdir ki, özlərinə hörmət etmirlər.
- Yadıma gəlir bir dəfə yazmışdınız ki, sizi yalaq aktyorlarla səhv salmasınlar.
- Mənə dost olan aktrisalar çoxdur. İllərdir eyni səhnəni bölüşürük, qəribə bir doğmalıq bağımız var. Biz şəkillər paylaşanda bəzi şərəfsizlər başqa mənada anlayırlar. Mən ya ədəbimi qoruyub saxlayıram, ya da “qapağım” atır. Ədəbini sıxanda görürsən ki, bunlar sənin üstünə gəlir. Özləri o qədər şərəfsizdir, hamıya elə pis baxırlar ki, sənin də elə baxdığını düşünür. Mənim də həmin anda başımdan tüstü çıxdı ki, bəsdirin. Sizin də evinizdə qadın, ana-bacı var. Kiminsə şəxsi işdir özü bilər. Mənim üçün işdə yaxşıdırsa, vəssəlam. Sən niyə kənardan bunu pis başa düşürsən? Baxdım ki, biədəb şəkildə yazırlar ki, filan aktrisa ilə belə-elə... Özü də gözvurma şəklində. Bunu Türkaya demək olar? Beyin çöndü.
- Əsasən açıqlamalarınız, statuslarınız çox sərt olur. Məsələn, hansındasa adınız, ya da şəkliniz olmasa, onu yaşlı aktyorlardan kiminsə dediyini düşünərəm.
- Həyatda ən çox sevmədiyim şeylərdən biri ədalətsizlikdir. Onun üçün hayqırtım hər yeri bürüyür. Düzdür, özüm deyirəm, özümə qalır. Amma özümlə bacara bilmirəm. Bu sahənin içində olanlara öyrəşmişik. Qıraqda olanlara deyirəm ki, sakit yanaşım. Son bir ildir sakitləşməyə başlayıram ki, çox şeyə reaksiya verməyim. Amma mövzu açılanda, elədir ki, gedir. Yumşaq yazanda qapını açıq qoyurlar ki, hər an sən tərəfə gələ bilərəm. Mən də elə mövqe yoxdu. Bu qapı bağlanmalıdırsa, səninlə tək söhbət etməliyəmsə, üçüncü burada nə azzarı var? Ona görə kobud yox, sərt yazıram. İnsanlar bəzən bisavadcasına yanaşırlar. Deyirəm, tənqid edirsənsə, səbəbinə bax, araşdır. Düzdürsə, deyəcəm ki, üzr istəyirəm. Amma bisavadcasına bunu edirsənsə, adamın səbri tükənir. Bir deyil, beş deyil, günü gündən artır. Hamı özünə ad qoyur, baxırsan ki, biz hansı cəmiyyətdə yaşayırıq? Mənim böyüdüyüm cəmiyyət başqa cür idi, təmiz idi. Nə dəyişdi? Sosial şəbəkələr kimləri dəyişdi? Baxıram ki, çoxunu dəyişdi. Hamısı bunların təsiridir. Məcbur oluram ki, sərt yazam, yumşaq yazanda deyirlər ki, mənə aid deyil, filankəsə aiddir. Məcbursan, ya ad çəkəsən, ya da nöqtə qoyasan.
Bir ilə yaxındır, özümə vetolar qoymağa çalışıram. Özüm deyib, özüm eşidirəm. İnsanlara dəymir. Nə arxanda dayanacaqlar, nə səninlə gedəcəklər. Belə gedirlər ki, 100 nəfərdisə, sonda 2 nəfər qalır. Yenə dəli, səhv sən olursan.
- Müsahibənizi oxuyuram, demisiniz ki, qadınlar azğınlaşıb, müştəri axtarırlar. Bu, çox sərt ifadə deyil?
- Yox. Niyə sərtdir ki? İnstaqrama, TikTok-a girin, qadınların çoxunun aqibətinə baxın. Mən heç nə deməyəcəm, özləri danışacaq. Mənim üçün qadın əvvəl daha saf mövqe idi. Yaxşı qadın həmişə var, 100-dən 10-u həmişə olacaq. Artıq 90 nəfər o qədər pozub ki, mənim üçün vau deyəcəyim qadın yoxdur. Hamısı bir-birinə oxşayır, çoxu iyrəncdir, çoxunda maraq yoxdur, məqsədləri birdir. Pul tələsidir. Mən bilirəm ki, pul həyatın özüdür, gözəldir. Amma insan doğulanda vicdan, mənəviyyat hissi olur. Onları da pozan bizim bəzi mənəviyyatsız, şəxsiyyətsiz kişilərdir. Onlar sağlam həyatı qoyub çirkin həyatdan yapışırlar. Ona görə deyirəm ki, azğınlaşıb. Burda da hər iki tərəf günahkardır, kişi olmayan kişiciklər, qadın olmayan qadıncıqlar. Bunu da leqallaşdırıb, cəmiyyətə yayırlar, virus kimi. Kənarda nə edirsən, et, bunu leqalaşdırma. Əvvəldə var idi, az idi, hərə öz işini gizli edirdi. İndi qorxmadan açıqca edirlər. Düşünmürlər ki, buna uşaq baxır, ailə baxır. İndi hansısa ailə şəhərə normal çıxa bilmir. Şəhər biabırçı vəziyyətdədir, həmin azğınlaşmış qadınların, 16 yaşında küçə uşaqlarının, tərbiyəsizlərin, böyük-kiçik yeri bilməyənlərin ucbatından. Baxırsan ki, yaş fərqi çox deyil, uzağı 15 yaş fərqi var. 15 ildə nə dəyişdi? Bir ölkənin mədəniyyəti 100 ilə dəyişir. On-on beş ildə bizə nə oldu? Anlaya bilmirəm.
- Tək sosial şəbəkələr deyil, bayağı mahnılar, sosial verilişlər...
- Bayaq mən filmə qayıdanda dedim ki, odur. O verilişlərdə kimdir günahkar? Gələn qonaqlar. Aparıcı cəsarət edib mənimlə danışa bilməz. Mən bura niyə gəlmişəm? İşim haqqında danışasan, sual verəsən, yaxud da yeniliklərlə bağlı və sairə. Bunlar maraqlı olmalıdır. Şəxsi həyatı, mətbəx, yataq söhbətlərini ortaya atırlar. Baxıram ki, müğənnilərə “Havhavhav” oxudurlar. Bu, nə biabırçılıqdır? Onun ağlı qaçıb, sizə nə olub? Şəxsi deyə bir şey yoxdur, hamı ailəsini paylaşır verilişlərdə, mənim qonşum filan qadınla, həyat yoldaşım filankəslə bir yerdədir. Bilinmir, kimə ağsaqqal deyəsən, hörmət edəsən. Biabırçı vəziyyətdir.
- Sosial verilişlərdə Xalq artistlərimiz, Əməkdar artistlərimiz əyləşir. Mənə qəribə gəlir ki, nəyə görə ordadılar? Ötənlərdən Mehriban Xanlarovanı bir nəfər təhqir etdi. Niyə özümüzə bunu rəva bilirik?
- Mehriban xanım mənim üçün çox dəyərlidir, ürəyimdir. Bilirəm ki, orda olubsa, düzü deyib. Amma həqiqətən də ora getməli deyil. Bəlkə də o adamları çağırmaqla özlərini qaldırmağa çalışırlar ki, bizim verilişlərdə kimlər var, kimlər yoxdur. Bunun çarəsi odur ki, həmin verilişlər silinsin. Çünki senzura yoxdur. 4 dəfə boşanıb, 5 dəfə evlənən sənə ailə məsləhəti verir. Sən kimsən? Əsas sən kimsən? Otururlar kresloda elə bilirlər həyat bunlarındı. Kiminsə dərdi var, danışır, onu tənqid edir. Sən kimsən? Birinə baxdım, istər-istəməz qarşımıza çıxır. Orada deyir ki, sən kimsən? O da sual verir ki, bəs sən kimsən ümumiyyətlə? Oturublar orda dodaqları 50 kilo, ya da bilinmir kişidir, ya qadın, sənə həyat məsləhəti verir. Sən kimsən axı? Ora da gedirlər. Problem özlərinindir. Bir dəfə elə bir verilişə məni çağırmışdılar. Dedim ki, o aparıcını döyərəm. Birdən çaşıb o səpkidə sual verər, onu döyərəm, ya da deyərəm ki, verilişi saxlayın. Vəssəlam. Səviyyə sözü çox gözəldir. Onun balansını bilmirik deyə bu gündəyik. Hansısa vau bildiyimiz sənətkarlar, çıxıb verilişlərdə hamını tənqid edirlər. Özləri bilər, əgər qazancları varsa, qazansınlar. “Babək” filmində söz var: Deyir, şərəfsiz həyatı rədd edirəm. Elə həyat mənlik deyil. Əgər elə bir şey olsa, ağlım başımdam çıxsa, başımı qoyum yerə… Efirdə çoxunun “başı qaçıb”.
- Sizcə, aktyor hər mövzuya fikir bildirməlidir?
- Bildirməlidir, amma təəssüf ki, Azərbaycanda mümkün deyil. Səni çox şeylə sınayırlar.
- “Gündəlik” serialı çəkiləndə jurnalistlərlər problem olmuşdu. Orda konkret reket jurnalistlər nəzərdə tutulurdu. Amma çoxu öz üstünə götürdü. Feysbukda iki cəbhə yarandı: Aktyorlar və jurnalistlər.
- Soğan yeməmisən, için niyə göynəyir? Biz orda həkimlər, müəllimlər, jurnalistlər haqqında bir çox mövzuya toxunmuşduq. Sənin için niyə yanır? Çünki hamısı qərəzlə yanaşır. Orada mənim bir səhnəm var, jurnalist qız meyitini çəkir, bilib-bilmədən danışır. Mövzudan xəbərsizdir. İndi çoxu o gündədir. Bizim film haqqında da bir-iki jurnalist yazdı. Bilib-bilmədən rəy verdilər. Onlara cavab verirəm, deyir ki, qərəzlə yanaşırsan. Deyirəm, qərəzli sənsən, mən tənqidə açığam. Bir araşdır, gör film nədir? Sənin bənzətmən biabırçılıqdır. Onun üçün də onlara təsir edir. Əgər mən təmizəmsə, sözü üzərimə götürmərəm. Deməli, sənin bir zibilin var da. Bu, hamıya aiddir. Həkim olub ki, sağ göstərib, sol ayağını kəsib. Müəllim əgər uşaq yanına hazırlığa gəlməsə, 3 yazır. Halbuki o uşaq savadlıdır. Bunları kim desin? Deyən kimi də püskürürlər. Deməli, səndə problem var. Deyir, kimdə nə yoxdursa, ondan danışır.
- İmla məsələsi çox qabardılmış deyildi?
- Eləydi. Çoxu bilmir ki, imla nədir, inşa nədir. Serialın ideyasını görəndə dedim ki, mən bu işdə varam. Çox sözü demək imkanı o serialda oldu. Sənanın dilindən deyə bildim.