“Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq prosesində iştirak edəcəyəm. Həmkarlarımı - yazıçıları, jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini yoxlamağa dəvət edirəm”. Bunu Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib.
“İngilis, alman və başqa dillərdə biliyin səviyyəsini müəyyənləşdirən imtahanlar barədə hamımız bilirik. Bəs bizim doğma Azərbaycan dili bilgilərini sertifikasiya edən imtahan prosesi niyə də keçirilməsin? Məleykə xanım ilkin 2000 datanın yaradılması üçün mütəxəssisləri, həmçinin yazıçıları sınaq prosesinə qoşulmağa dəvət edib. Qeyd olunub ki, iştirakçılar ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər. İmtahan nəticələri emal olunduqdan sonra iştirakçıların elektron poçt ünvanına göndəriləcək. Göründüyü kimi, anonimlik də saxlanacaq. Qorxulu nəsə yoxdur. Təəssüf edirəm ki, bu cür vacib məsələnin müzakirəsi lüzumsuz istiqamətə yönəldi. Mən Azərbaycan dili bilgilərini yoxlamaq istəyən hər kəsi Məleykə xanımın çağırışına qoşulmağa, bu vacib sertifikasiya imtahanı üçün lazım olan ilkin 2000 datanın yaradılmasına töhfə verməyə çağırıram”, - R.Məcid deyib.
Bəs yazıçılar, jurnalistlər bu çağırışa qoşulacaqmı? Ədəbiyyat adamlarının Azərbaycan dilini hansı səviyyədə bilməsini yoxlamaq onları aşağılamaqdırmı? Çünki bəziləri sərt etiraz ediblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Məleykə Abbaszadə məni də həmin tədbirə dəvət etmişdi. Həmin vaxt xarici qonaqlarım olduğu üçün tədbirə gedə bilməmişdim. Bu baxımdan məsələnin mahiyyətindən xəbərim yoxdur. Xəbərim olmadığı üçün bu haqda danışmaq istəmirəm. Ancaq mənə o qəribə gəlir ki, indiyə qədər Azərbaycan dilini yazıçılar yaşadıb, indi yazıçıları təzədən imtahan edəcəklər? Kim edəcək? Kimləri imtahan edəcəklər - xalq yazıçılarını, akademikləri, gənc yazıçıları, ya kimləri? İmtahanı kim qəbul edəcək? Bunlar mənə aydın deyil. Özüm üçün aydınlaşdırdıqdan sonra aydın cavab verə bilərəm”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət də məsələyə sərt reaksiya verib: “Başqa ixtisas sahiblərini deyə bilmərəm, amma yazıçılarla bağlı onu deyə bilərəm ki, biz Azərbaycan dilindən imtahan verməyə hazırıq. Bircə xırda şərtim var, bizdən 1 saat əvvəl Məleykə xanım imla yazsın, əgər yaxşı yazırsa, səhvi yoxdursa, bütün yazıçılar Azərbaycan dilindən imtahan verməyə hazırdır”.
Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO - Oxu.az
Qulu Məhərrəmli