Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aşıq yaradıcılığı şöbəsinin müdiri, folklorşünas Elxan Məmmədli vəfat edib.
E.Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. O, bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976-79) işləyib və 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin edilib.