Azərbaycan Prezidenti İlham Əliyevin güclü iradəsi sayəsində ölkədə son bir neçə ildə hər birimizin şahidi olduğu islahatlar həyata keçirilməkdədir.
Bəli, “güclü iradəsi” ifadəsini işlətməkdə haqlıyıq. Çünki islahat aparmaq, onu sona çatdırmaq elə də asan məsələ deyil. Bu yolda hər cür məhrumiyyətlər vardır. Əslində biz 2003-cü ildən bu islahatlara şahidlik etməkdəyik. Amma son bir neçə ildə islahatlar daha da sürətlənib və hərtərəfli xarakter alıb. Bu da bəzi antiazərbaycan mərkəzlərini və onların Azərbaycandakı nökərlərini narahat etməkdədir. Misal olaraq beşinci kolonun ölkə daxilində hərəkətə gətirilməsini, onların pozucu fəaliyyətlərini göstərə bilərik. Görünən isə budur ki, islahatların (mən bu prsesi “Ağ İnqilab” kimi xarakterizə edirəm) alternativi yoxdur və qətiyyətlə davam etdirilir. Sosial sahədə başlayan islahatlar struktur, kadr və digər bütün sahələri əhatə etməklə yanaşı, sosial-iqtisadi, ictimai-siyasi sahədə də müsbət dəyişikliklərə gətirib çıxarıb. Dövlət başçısının özünün də dediyi kimi "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir".
Siyasi sahədə həyata keçirilən islahatlar da aparılan ümumi prosesin içərisində mühüm yer tutur. Məhz bu prosesin tərkib hissəsi olaraq Prezident Administrasiyasında məxsusi bir strukturun - Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin yaradılmasını qeyd edə bilərik.
Müasir dövrdə demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsası çoxpartiyalılığın formalaşması və inkişafından keçir. Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəmlənməsi, siyasi düşərgəsindən asılı olmayaraq dövlətçiliyə və milli maraqlara xidmət edən partiyaların hakimiyyətin idarə olunmasında, inkişafında, qurulmasında, möhkəmlənməsində aktiv yer alması, aparılan müsbət proseslərin bariz nümunəsidir. Belə ki, bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Çünki ölkə başçısı xüsusi vurğulamışdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olmalıdır, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.
