General Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən, xüsusi xidmət generallarının səs-küylü korrupsiya işi və MTN-in ləğvindən sonra iş adamı və İT şirkətlərinin sahibi Ayaz Kərimov da cinayət məsuliyyətinə cəlb edilib.
Onun barəsində 2015-ci ildə cinayət işi açılıb və barəsində İnterpol xətti ilə axtarış elan olunub. İstintaq orqanlarının məlumatına görə, Ayaz Kərimov E.Mahmudovun oğlu Anar Mahmudovun şəriki olub. O vaxtkı Rabitə Nazirliyinin keçirdiyi bir neçə tenderin qalibi olmuş "Caspian Telekommunications" şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.
Rabitə Nazirliyində baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə Ayaz Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, "Harley Devidson" markalı motosiklet 12.500 manat, "AKEY" MMC-nin adına rəsmiləşdirilmiş "Maserati Quatroporte" markalı avtomobil 155.733.8 manat, "Jaguar XJ" markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.

İş adamı Ayaz Kərimov uzun illər sonra sükutu pozub. O, Mahmudovların fəaliyyəti və onların ofşor şirkətlər vasitəsilə ölkədən milyardlarla vəsait oğurlanması sxemindən xəbərdar biridir.