Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola “Melissa Group” tikinti şirkəti tərəfindən söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Xezerxeber.az-ın məlumatına görə, sökülən evin sahibi Həbib Hacıyev deyir ki, 3 ildir tikinti şirkəti ailəsini evdən çıxarmağa çalışır. Buna razı olmadığı üçün isə evi zorla sökməyə çalışıblar.
Vətəndaş deyir ki, tikinti şirkəti ona evin qarşılığında rəsmi şəkildə heç bir məbləğ təklif etməyib.
Söküntü işlərini aparan "Melissa Group"tikinti şirkətinə daxil olan"FEBA" MTK-nın nümayəndəsi Arzuman Murtuzayev isə bildirir ki, bugünkü hadisə ilə bağlı tapşırığı şirkət verməyib, işçilər səhvən edib: “Müqavilə bağladığımız işçi səhvən edib, bilməyib ki, orada kimsə yaşayır. Səhvən olub. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Hacıyev Həbibə də bazar qiymətlərindən qat-qat baha- 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir".