2016-cı il dekabrın 23-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi olur. Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində, yolun kənarında üzərində bıçaq xəsarətləri ilə Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Elşən Əmirovun meyitini aşkar ediblər. Araşdırma zamanı, mərhumun avtobus sürücüsü işlədiyini və Ramana qəsəbəsində kirayədə yaşaması məlum olub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də şübhəli şəxs qismində Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Həsənov saxlanılıb. Növbəti gün Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Səbail RPİ 39-cu və Suraxanı RPİ 31-ci polis bölmələri əməkdaşlarının birgə əməliyyatı nəticəsində 1994-cü ildə Tatarıstan Respublikasında anadan olmuş, əvvəllər məhkum olunmayan Elnur Məmmədov da tutulub. Pravda.az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, dekabrın 23-ü saat 18 radələrində Elnur Məmmədov Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında tanışı Elçin Həsənovla görüşüb. Birlikdə yaşadığı evə doğru piyada gedərkən, Bülbülə qəsəbəsində, magistral yolun kənarında "Cherry" markalı avtomobilin dayandığını və arxa oturacaqda Elşən Əmirovun Şəlalə Məmmədova ilə oturduqlarını görüblər. Maşının yanından keçib, bir az aralanıblar. Çevrilib baxanda görüblər ki, oğlanla qız maşından düşüb yaxınlıqdakı meşəlik sahəyə doğru gediblər və orada cinsi əlaqədə olmağa hazırlaşırlar. Elşən və Şəlalə onların yaxınlaşdığını görüb narahat olublar və qaçıb avtomobilə əyləşiblər.
Uzaqlaşmağa çalışanda Elnur Məmmədov Elşən Əmirova yaxınlaşıb, maşından düşməsini tələb edib. Elnur Elşəni avtomobilin arxa hissəsində mübahisəyə təhrik edərək, yumruqla üzünə bir zərbə vurub. Elşən Əmirovun əlindən çıxıb, uzaqlaşmaq istədiyini gördükdə, Elnur üzərində gəzdirdiyi bıçağı çıxarıb, əsaslı səbəb olmadan onun bədəninə 2 dəfə zərbə endirib. Elşənin müqavimət göstərdiyini görən Elçin Həsənov yaxınlaşıb əlləri və ayaqları ilə Elşən Əmirova xəsarətlər yetirib. Bundan sonra Elnur Məmmədov bıçaqla Elşənin sinəsinə axırıncı zərbəni endirib. Nəticədə Elşən Əmirov həyatını itirib.
İş üzrə dindirilmiş Elnur Məmmədov bildirib ki, dekabrın 23-də Ramana qəsəbəsində yerləşən cərimə meydançasının yaxınlığındakı kafeyə gedib. 1 saatdan sonra oradan çıxıb:
"16 saylı cəzaçəkmə müəssisənin yaxınlığında, avtobus dayanacağında bir məhəllədə yaşadığımız Elçin Həsənovla rastlaşdım. Onunla söhbət edə-edə evimizə tərəf gedirdik. Yolun kənarında dayanmış avtomobilin yanından keçərkən maşının arxa oturacağında bir qızın başını oğlanın çiyninə qoyduğunu, oğlanın isə qızı qucaqladığını gördüm. Sükan arxasında bir kişi əyləşmişdi. Maşından təxminən 60 metr kənarlaşandan sonra Elşən Əmirovun, arxasınca da Şəlalə Məmmədovanın avtomobildən düşüb meşəlik tərəf getdiklərini gördüm. Səs gəldiyini eşidib həmin əraziyə tərəf getdik və hər ikisinin yarıçılpaq vəziyyətdə olduqlarını gördük.
Onlara çatmağa 3-4 metr qalmış oğlanla qız paltarlarını geyindilər və tez maşına doğru getdilər. Arxalarınca gedib Elşənə avtomobildən düşməsini dedim. Maşının arxa tərəfində mübahisə edərkən sürücüsü Ehtiram Əsədov da yanımıza gəldi. Elşən Əmirova "camaatın ana-bacısının burdan keçdiyini" söyləyərək, etdiyi hərəkətlə bağlı irad bildirəndə, Elşən mənə kobud cavab qaytardı. Ehtiram Əsədov məni bir qədər kənara çəkərək, sakitləşdirməyə çalışdı. Elşən məni söydüyü üçün üzünə yumruqla zərbə vurdum. Zərbənin təsirindən arxaya gedən Elşən yerdən daş götürdü.
Açılıb-qatlanan bıçaqla zərbə vurmamışdan əvvəl ona "daşı yerə atmasını" bildirdim. Lakin, Elşən "bıçağı açmısansa, vurmalısan" deyərək, mənə ağır söyüş işlətdi. Qəzəblənərək, üzərinə getdim və bədəninə xəsarətlər yetirdim. Elşənə bıçaqla birinci zərbəni vuranda, Elçin araya girib, dedi ki, vurmayım. Bıçaq zərbələrindən biri Elçinin əlinə dəydi. Elçinin qoltuğunun altına və sinəsinə zərbələr dəymişdi. Bıçaqla vurandan sonra Elşən yerə yıxılmadı. Yerdən daş götürərək bizə tərəf atdı. Mən irəlidə, Elçin isə arxamca qaçdı. 70-80 metrdən sonra çevrilib baxanda Elşənin yolun kənarındakı ağacın altında yerə çökərək, oturduğunu gördük".