Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy, Göygöl, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki rayonlarında məhkəmələr təxirə salınıb.
Bu barədə Pravda.az Ali Məhkəmədən məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 03 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilib:
1. Xüsusi karantin rejiminin sərtləşdirildiyinin davam etdirildiyi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy, Göygöl, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələr üzrə:
1.1 Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirləri ilə bağlı məsələlər, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;