Zaqatala rayonu, Yuxarı Tala kəndində müəllimənin odlu silahla qətlə yetirilməsinin təfərrüatı məlum olub. Hadisə mərhumun atasının il mərasimində baş verib.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Natavan Əhmədova qardaşı - 1989-cu il təvəllüdlü Nurlan Əsgərov tərəfindən odlu silahla qətlə yetirilib.
İstintaqla müəyyən edilib ki, Nurlan bacısının başqa şəxslə münasibətindən şübhələndiyi üçün onu öldürüb.
Məhkəmə araşdırması zamanı maraqlı məqam üzə çıxıb. Belə ki, Nurlan istintaqda dindirilərkən, bacısını başqa şəxslə maşında görüşən zaman gördüyü üçün onu öldürdüyünü, özünün və ailəsinin adına ləkə gətirdiyini deyib. Lakin məhkəmədə bildirib ki, hadisə vaxtı özündə olmayıb və psixoloji problemləri var.

Nurlan nə hadisəni, nə də istintaqda verdiyi ifadəni xatırladığını deyib. Əlavə edib ki, bacısı hər hansı bir şəxslə münasibətdə olmayıb:
"Bacımla münasibətimiz yaxşı olub. Onun kiminləsə görüşməsi barədə nəsə dediyimi, gördüyümü xatırlamıram. Əgər belə bir şey olsaydı, onu evdə yox, kənar bir yerdə öldürərdim. Baş verən heç nəyi xatırlamıram. İndi də hadisə barədə heç nə xatırlaya bilmirəm".
Qeyd edək ki, Nurlan qətl hadisəsini ata evində törədib. O, atasının il mərasimində bacısının telefonla danışdığını görüb və şübhə edib. Evdə olan ov tüfəngi ilə bacısının baş nahiyəsindən bir dəfə atəş açıb. Evdə anası, bacısı və digər qohumları da olub. Hadisədən sonra özü polisə təslim olub.