29 may 2022-ci il tarixində Bakının Nizami rayonu, R.Rüstəmov küçəsi, 76 ünvanında yerləşən uşaq bağçasının həyətində bıçaqlanma hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Bıçaq xəsarəti alan Rəsul Salahzadə Sabunçu Tibb Mərkəzinə aparılıb, həyatı xilas olunub və evə buraxılıb. Lakin bir müddət sonra Rəsul Salahzadə yaşadığı evdə ölü tapılıb. Onun yaşadığı evə gedən əməliyyatçılar mənzilin yataq otağındakı divanda Rəsulun cansız bədənini aşkar ediblər.
Faktla bağlı cinayət işi başlanıb. Bakı şəhər sakini Kamran Məmmədli şübhəli şəxs qismində saxlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəsul Salahzadənin ölümünə - mədə və mədəaltı vəzidə baş vermiş massiv qanitirmə səbəb olub.
Həmin ilin dekabr ayında Nizami Rayon Prokurorluğu tərəfindən Kamran Məmmədliyə qarşı CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Pravda.az Lent.az-a istinadən həmin cinayət işinin istintaq materiallarını təqdim edir.
İstintaqla müəyyən edilib ki, mayın 29-u saat 22 radələrində R.Rüstəmov küçəsi, 76 ünvanında yerləşən uşaq bağçasının həyətində, Məsud Məmmədov Rəsul Salahzadə ilə, sonuncunun "Telegram" sosial şəbəkəsində erməni milliyyətindən olan qadınlara dəstək nümayiş etdirdiyinə görə mübahisə edib. Onların söhbətlərinə müdaxilə edən Kamran Məmmədli Rəsul Salahzadənin ünvanına nalayiq ifadələr işlədib. Həmin şəxs üzərinə gəldikdə K.Məmmədli üstündə olan açılıb-qatlanan bıçaqla Salahzadənin sinəsinə, qarnına və sağ ayağına 3 dəfə zərbə vurub, sonra isə ərazidən uzaqlaşıb.
Hadisədən 81 gün sonra, yəni avqustun 17-də zərərçəkmiş kirayədə yaşadığı evdə bıçaqla yetirilən və bilavasitə ölümlə səbəbli əlaqəsi olan yaradan dünyasını dəyişib. Beləliklə, Kamran Məmmədli Rəsul Salahzadəni qəsdən həyatdan məhrum etmiş olub.
İstintaq zamanı Kamran Məmmədli özünü təqsirli bilib.

O bildirib ki, 2019-cu ildə orta məktəbi bitirib, Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs törədildikdə) maddəsi ilə 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən hərbi xidmətdə olmayıb. Mayın 29-da axşam tanışı Məsud Məmmədov yaxınlaşaraq, adını dəqiq bilmədiyi şəxsin sosial şəbəkədə onu söydüyünü və bununla əlaqədar yaranmış söhbətə aydınlıq gətirmək istədiyini deyib. O, yaşadığı evin blokunda 6 və 7-ci mərtəbələr arasında olan su sayğacının qabının içərisində saxladığı açılıb-bağlanan bıçağı götürüb, Məsuda verib. Daha sonra görüş təyin etdikləri ünvana, Qara Qarayev prospektində yerləşən "McDonalds" restoranının qarşısına gediblər. Orada Məsud Rəsul adlı şəxslə görüşüb, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət etməyə başlayıblar. Məhlələrin birində, skamyada əyləşib söhbət ediblər. Rəsul Məsudu yumruqla vurmaq istəyəndə, sonuncu 1-2 addım geriyə çəkilib. Kamran onlara tərəf qaçaraq, nə baş verdiyini soruşub. Rəsul Məsudun söyüş söydüyünü və ondan qarışmamasını tələb edib. Məsud əlindəki bıçağı yerə atan kimi, kəsici aləti götürərək Rəsulun üzərinə gedib, onun sinəsinə, ardınca da qarnına zərbələr endirib. Rəsulu qaldırıb, yerə çırpıb və axırıncı zərbəni bud nahiyəsinə vurub. Təxminən 2 dəqiqə orda dayanıblar. Sonra yaxınlıqda olan insanlara bir nəfəri bıçaqladığını və Təcili Tibbi Yardıma zəng etmələrini xahiş ediblər:
"Qorxaraq Nizami Rayon İcra Hakimiyyəti istiqamətində qaçdıq. Qara Qarayev prospekti, 126 ünvanında Məsud cibindən bıçağı çıxarıb mənə verdi. Mən də aparıb, onu yenə su sayğacının içərisinə qoydum. Səhərisi gün polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami Rayon Polis İdarəsinə aparıldım".
İstintaqın gedişatında Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan ediləndə, Kamran Məmmədli əvvəlki ifadələrinə zidd olaraq ümumiyyətlə, Rəsul Salahzadəni bıçaqlamadığını bildirib. Hadisə yerindən qaçıb getdikdən sonra Məsud ona bıçağı gizlətməsi və hər şeyi öz üzərinə götürməsini söyləyəndə, ona inanıb. Buna görə də, matın 30-da ilk dəfə dindirilərkən polis idarəsində cinayətin onun tərəfindən törədilməsini etiraf edib. Polis əməkdaşları və müstəntiq tərəfindən təzyiqə məruz qalmayıb. Sadəcə Məsudun sözünə inanaraq, tanışının atasının ona köməklik göstərəcəyini düşünüb və ölümü üzərinə götürüb. Əvvəlki ifadəsində, Məsudun cibindən bıçaq çıxarmasını və yaxınlaşanda Rəsulun yerdə qanlı vəziyyətdə uzanmasını gördüyünü bildirsə də, bunu düzgün söyləməyib.


