Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə “R.S” tikinti şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yalçın Ələkbərov ifadə verib.
O, ifadəsində bildirib ki, 10 il öncə təşkil olunan tenderdə qalib gəliblər və müqavilə bağlayıblar:
“Şirkətimiz tikinti şirkətidir. Müqavilə əsasında Müdafiə Nazirliyinin hərbi hissəsində yataqxana tikdik. Lakin bunun qarşılığında bizə 440 min manat pul ödənildi. Pulumuzun qalan hissəsini güclə aldıq. Bununla bağlı baş nazirin müavininin qəbulunda olduq. Sonra məhkəməyə müraciət etdik və qalib gəldik. Bizə 2 milyon dollar ödənildi. Mən təqsirləndirilən şəxsi tanımıram, onu internetdə görmüşəm. Şirkət rəhbəri H.L. isə İngiltərədə yaşayır. Bu ay Azərbaycana gəlməsi gözlənilir”.
Şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub.
Şahid istintaqa ifadəsində bildirib ki, müqavilə 7 milyon dollar dəyərində olub və onlar Goranda hərbi hissədə yataqxana tikiblər.
Daha sonra təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatət verib.
Vəkil bildirib ki, Zahid Niftəliyev 14 aprel 2015-ci ildə “AtaBank”ın inzibati binasında olub: “Onu ora kim göndərib? Mahir Rəfiyev? Həmin ərəfədə 682 min və 625 min manat faiz borcu ödənilib. Mən 2015-ci il 14 aprel, 15 iyul, 3 dekabr, 2016-cı il 25 fevral, 7 mart, 15 iyun, 24 iyun, 30 iyul, 22-27-29 dekabr tarixlərində telefon danışıqlarının əhatə dairəsinin müəyyən edilməsi üçün “Azərsel” MMC-yə sorğu verilməsini xahiş edirəm”.