Bir çox qadın üçün hamiləlik həyatın ən xüsusi və mənalı dövrlərindən biridir. İlk təcrübələr, sevinc və göz yaşları ilə dolu olan bu proses, bəzən yorucu da ola bilər. Xüsusilə də bitib-tükənməyən mədə bulantıları sevimli yeməklərdən belə uzaq qalmağa səbəb ola bilər.
Pravda.az hamiləlikdə mədə bulantısının səbəblərini təqdim edir:
Hamiləlik dövründə ən çox rast gəlinən şikayətlərdən biri mədə bulantısıdır. Demək olar ki, bütün hamilə qadınlar bu vəziyyətlə qarşılaşır. Hər nə qədər narahatlıq doğuran bir hal kimi görünsə də, mədə bulantısı hamiləlik zamanı bədəndə baş verən dəyişikliklərin təbii nəticəsidir. Hamiləliyin erkən mərhələlərində, təxminən 80% hallarda müşahidə olunan bu vəziyyət, hamiləlik hormonu HCG-nin qanda miqdarının artması ilə bağlıdır. Xüsusilə 8-10-cu həftələr arasında hormonun səviyyəsinin yüksəlməsi ilə bulantılar daha da güclənir.
Araşdırmalar göstərir ki, hamiləlikdə baş verən mədə bulantısı, dölü zərərli qidalardan qorumaq məqsədi daşıyır. Ən çox bulantıya səbəb olan qidalar arasında tütün məmulatları, spirtli içkilər, kafein, yumurta, ət və toyuq kimi tez xarab olan məhsullar var. Lakin bu, bulantı yaşamayan qadınların körpələrinin təhlükədə olduğu anlamına gəlmir. Əsas olan, sağlam qidalanmaq və zərərli vərdişlərdən uzaq durmaqdır.
Mədə bulantısı ən çox səhərlər baş verir
Hamiləlik həm fiziki, həm də psixoloji baxımdan ciddi dəyişikliklərin yaşandığı bir dövrdür. Bu müddətdə hormonal dalğalanmalar və qidalanma rejimindəki dəyişikliklər mədə bulantılarını qaçılmaz edir. Xüsusilə səhərlər daha intensiv hiss edilən bu bulantılar bəzən elə şiddətli olur ki, hamilə qadın nə edəcəyini bilmir. Günlük həyatına təsir edə, sevdiyi qidalardan imtina etməyə məcbur qala bilər.