Aktyor Elməddin Cəfərovun müsahibəsini təqdim edirik:
- Elməddin bəy, belə bir şablon ifadə var ki, çox gülən, hamını güldürən insan, əslində, çox kədərlidir.
- Pozitiv insanam, deyib-gülməyi sevirəm. Görünən tərəfim hər kəsə məlumdur. Amma obrazların taleyi bir yana, mənim şəxsi həyatım da var. Sakitliyi sevirəm, bəzən tək qalmağa ehtiyac duyuram. Araşdırıram, kitab oxumaqla məşğulam. Yəni, çalışıram ki, neqativ düşüncələrdən uzaq olum. İnsani keyfiyətlərimin yüksək olduğunu düşünürəm. Xüsusilə də, empatiya hissi. Özümü rahatlıqla başqalarının yerində təsəvvür edə bilirəm. Yəni, sərt insan deyiləm. Heç olmaq da istəmirəm. Çünki bu həyat sərt olmağa dəymir. Heç nəyi düzəltmək niyyətim yoxdur. Yalnız özümü düzəltməkdir tək dərdim. Heç kəsdə səhv tutmağa çalışmıram. Tez- tez təkrar edirəm ki, Elməddin, sən özün düz ol, sonra başqalarına bax. İdeal olmaq da istəmirəm. Uzun sözün qısası, çox mehriban insanam.
- Kimləri oxuyursunuz? Hansı mövzular sizi daha çox cəlb edir?
- Yaşımla əlaqədar olaraq, əsasən, fəlsəfə ilə maraqlanıram. Azərbaycanlılardan Müşfiq Ötgün, Türklərdən isə Dücane Cündioğlunu oxuyuram və daha çox səsli kitabları dinləməyi sevirəm. Bu üsulun əlverişli olduğunu düşünürəm. İstər sükan arxasında ol, istər evdə yemək bişirdiyin yerdə. Fərq etmir, hansı işin başında olsan da, dinləmək əlverişlidir.
- Maraqlıdır, Elməddin sonuncu dəfə hansı hadisəyə kövrəlib, ağlayıb?
- Heç vaxt özümə, öz problemlərimə kədərlənməmişəm. Aydın məsələdir ki, hamı həyatının müəyyən mərhələlərində kədər hissini yaşayır. Amma nə yalan deyim, ağlaya bilmirəm. Hərdən dolduğum anlar olur. Müharibədən qayıdan oğulların valideynləri ilə görüşməyi məni çox kövrəldir. Bəzən küçədə elə şeylərlə rastlaşıram ki... düzünü deyim, birbaşa yardım edə bilmirəm. Məsələn, görürəm ki, yaşlı bir qadın yol keçərkən əziyyət çəkir. Bu cür hadisələr duyğulandırır məni. Özüm də yaşlanıram, duyğusallığı bununla əlaqələndirirəm. Çox kövrək insanam, amma ətrafımdakılara hiss etdirmirəm.
- Elməddin bəy, komediyalarımız tənqid edilir. Doğrudan, bayağıyıqmı?
- Əslində, tənqid varsa, bu özü çox yaxşı haldır. Amma bir problem var ki, bizim tənqidimizin özü də bayağıdır. Əsas problemlərimizdən biri də, özümüzü bəyənməməyimizdir. Dublyorumuzu bəyənmirik, musiqimizi bəyənmirik, kinomuzu bəyənmirik. Bir sözlə, heç nəyimizi bəyənmirik. Gözümüz ancaq Avropadadır, Türkiyədədir. Bilmirəm, səbəb nədir, amma özümüzə dəyər verə bilsək, onu bərpa etsək, hər şey yaxşı olacaq. Yəni, "Qarabağ" futbol klubundan "Real Madrid"in oyununu gözləyirik. Aktyorlarımızı da bu cür tənqid edirik. Düşünmürük ki, bizə nə vaxt şərait yaratdılar, meydana buraxdılar ki, biz də özümüzü göstərək? Elə bil sənə yaxşı qələm, mikrofon vermirlər, sonra da deyirlər ki, yaxşı jurnalist deyilsən. Nə vaxt o imkanı verdiniz ki, nəticəsini də görmədiniz? Avadanlıq verdilər, maddi dəstək göstərdilər, biz də ortaya iş qoya bilmədik? Hazırda nə ediriksə, öz cibimizdən veririk, öz büdcəmizlə edirik.
- Əlaqədar qurumlara müraciət edirsiniz?
- Bu mövzu haqqında danışmaq istəmirəm. Daha doğrusu, "ağlamaq" istəmirəm. Yuxarı səviyyədə deyilik, amma nəsil dəyişdikcə düzələcəyimizə ümid edirəm. 50-ci, 60-cı illərə baxsaq, görərik ki, aktyorlar hamısı pafosla danışır. Ən bəyəndiyimiz filmlərdə belə müəyyən çatışmazlıqlar var. Düşünürəm ki, indiki çatışmazlıqlar da zamanla aradan qalxacaq.
- Uğurlu hesab etdiyiniz gənclərdən kimin adını çəkə bilərsiniz?
- Mən ad çəkim, siz də bu söhbəti çıxarasınız başlığa? Ad çəkməyəcəm, amma aktyorluğa meylli olan gənclərimiz həddən artıq çoxdur. "Tiktok", "Youtube" kimi platformalarda bayağılıq nümayiş etdirən aktyorlar da var, əlbəttə. Bir tərəfdən düşünürəm ki, bu şəxslər də ələnəcək, sona yaxşılar qalacaq. 100 nəfərdən, azı, 10-u... Biz başlayanda da bayağılıq çox idi. Çünki sistemi bilmirdik. Zamanla, işlədikcə hər şeyi öyrəndik. 25-30 ildir bu sahədəyik. Ümumiyyətlə, belə bir şey yoxdur ki, sən İncəsənət Universitetini bitirən kimi yaxşı aktyor olacaqsan. Yaxşı olmaq üçün mütləq praktika və çalışmaq, zamanla ayaqlaşmağı bacarmaq lazımdır.
- Ümumiyytələ, "TikTok" əhlinə münasibətiniz necədir?
- Bu barədə danışıb, onları özümə düşmən etmək istəmirəm. Amma bunu deyim ki, xaricilərin səhifələrinə baxanda görürəm, hər kəs öz sənətini nümayiş etdirməyə çalışır. Rəsm, musiqi, şeir və ya hər hansı maraqlı bacarıqlarını göstərirlər. Bizdə isə, sözün əsl mənasında, dilənçilik edirlər. Gördükləri işin qarşılığında nəsə alsalar, normal haldır. Amma bizimkilərdə sənət-zad yoxdur. Elə adamların üstünə əsl şir göndərmək lazımdır. Bu cür insanlar gənc nəsilə də pis örnək olur. Gənclər bunlara baxıb düşünür ki, mən də canlı yayımda bir-iki təlxəklik, dilənçilik edib pul qazanacam. Ən pis hal isə bu cür sosial şəbəkələrdə senzuranın olmamasıdır. İstəyən incisin, amma çox pis baxıram bu cür insanlara. Bu cür platformalar kişilərə qadınlıq satır. Qadın böyük qüvvədir, amma qadın olanda. Kişi qadınlaşmamalıdır. Yeniyetmələr baxıb bu cür insanlardan nə nümunə götürsün? Birbaşa insanın şüuraltına təsir edir. Çərçivə tərəfdarıyam. Çünki bu cür azadlıq insanı yoldan çıxardır. Bu cür gənclərin sonu uçurumdur.
- "Komedixana" ilə bağlı nə düşünürsünüz? Tənqid edirlər ki, o layihədə ancaq məişət mövzuları qabardılır. Sizcə də, belədir?
- Hardasa, hə. Amma təlabat da, deyəsən, bunadır. Düşünürəm, tənqid varsa, yaxşıdır. Yüzdə yüz hamı onları sevə bilməz. Hamı hər şeyi bəyənməz ki. "Bu şəhərdə"ni, "Planet Parniz Baku"nu, elə bizim "Tək səbiri" də hər kəs sevmirdi. Əsasən də, rusdilli əhali. Təbi ki, hamımızda çatışmazlıq olub. İndi də var. Tənqidləri də normal qəbul edirəm. İQ səviyyəsi yüksək olan insanlar o səhvləri görür və iradını da bildirir. Ona görə də tənqidlərlə razıyam. Amma düşünürəm ki, hələ o səviyyədə inkişaf etməmişik. Müəyyən səviyyə var ki, onu aşa bilmirik. Məni də o vaxt çox tənqid edirdilər, deyirdilər, serialları-filan yığışdır. Amma bir nəfər demirdi ki, problem bu hissədədir, onu düzəlt. Yəni, insanlardan istədiyim odur, səhvimizi deyin, müəyyən mənada yol göstərin. Elə şeylər var ki, biz görmürük, amma siz görürsünüz. Necə deyərlər, xalqın gözü tərəzidir.
- Fərda Xudaverdiyev və siz... Ən yaxşı kimdir?
- Fərda Azərbaycanın bir nömrəli stəndap ustasıdır. Amma təbii ki, özümüzünküdür deyə bəyənməyəcəyik, qəbul etməyəcəyik. O da Cem Yılmaz kimi yumoruna söyüşlər qatsa, demirəm, Cem Yılmaz olacaq, amma Fərda Xudaverdiyev olacaq.
- Belə çıxır ki, əsas məsələ söyüşdür?
- Təxminən. Yeni nəsil stəndapçılar da yetişir. Televiziyaya maraq az olduğu üçün, onlar daha çox sosial şəbəkələrdə tanınmağa çalışırlar. Zaman və ilk növbədə dəstək lazımdır.
- Bəs özünüz necə, stəndap haqqında düşünürsünüz?
- Açığı, yox. Çünki tək çalışmağı sevmirəm. Kollektivlə işləmək mənə görə daha asan və daha maraqlıdır. İş mənimçün həyat tərzidir, standartdır. Həm işləyirik, həm əylənirik, həm də qazanırıq. Yəni, mən təkliyi sevmirəm. Çox təsadüfi halda ola bilər ki, mən tək qalmaq istəyim və kimsəsizliyə çəkilim. Ona görə ki, komanda işi mənim üçün daha sərfəlidir. Stəndapı da ona görə sevmirəm. "Tək səbir" vaxtında olub maraqlı stəndaplarım. İndi nə zamanım yoxdur, nə də marağım. Etmək istəsəm, gərək beş il çalışım. Ona da ki, heç ehtiyacım yoxdur.