“Kanal S”-in aparıcısı Nigar Fərhadın efirdə “oğluma atasız qız almaram” deməsi ictimaiyyətdə tənqidlə qarşılanıb və televiziyaların acınacaqlı vəziyyətini növbəti dəfə gündəmə gətirib. Ümumiyyətlə, nə baş verdi ki, telekanallarda yayımlanan verilişlər hazırkı duruma düşdü? Pravda.az xəbər verir ki, "Globalinfo.az"a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib ki, sovet dövründə təkcə AzTV-1 var idi və ora yalnız səviyyəli şəxslər gələ bilərdilər.
Onun sözlərinə görə, əvvəllər dövlət televiziyasında verilişdə iştirak etmək, aparıcı olmaq çətin idi:
“Çətin olduğu üçün də efirə seçmə insanlar çıxa bilirdi. Zamanla müstəqil kanallar yarandı, müstəqil fikirlər səsləndirildi və fikir müxtəlifliyi əmələ gəldi. Daha sonra dövlət strukturunda sovet dövründən qalma “bolşevikbaşlar” və “rusbaşlar” fikir müxtəlifliklərini görüb, onların siyasətinə mane olacaqlarını anlayaraq, başladılar KİV və televiziyaları ələ keçirməyə. Orada da aşağı səviyyəli şouları, səviyyəsiz insanları təbliğ etdilər. Beləliklə, yavaş-yavaş cəmiyyəti həll olunası məişət və sosial problemlərindən uzaqlaşdırmağa çalışdılar. O zaman tənqid məsələsində KİV və televiziyaların rolu böyük idi. Nəhayət, həmin bolşevik və “rusbaşlar” işi o vəziyyətə gətirdilər ki, artıq özləri də bu səviyyəsizlikdən bezdilər. Mən Ramiz Mehdiyevi nəzərdə tuturam. Mehdiyev böyük bir məqalə ilə çıxış etdi ki, Azərbaycan televiziyalarının səviyyəsi aşağıdır, buna qarşı mübarizə aparmaq lazımdır və s. Halbuki bütün mövcud səviyyəsiz vəziyyəti özü yaratmışdı. İndi həmin məqamlar hələ də davam edir”.