Bakıda qızını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənin ittiham aktını elan edib.
İttihamda bildirilir ki, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunmuş Yelmar Atakişiyev həbsxanada olarkən qızı Cəmalə Atakişiyevanın yad kişilərlə münasibətdə olduğu haqda məlumatlar alıb. Bundan bir müddət sonra cəzasını başa vuran Yelmar Atakişiyev məsələyə aydınlıq gətirmək üçün qızının yaşadığı evə gələrək onunla mübahisə edib.
Mübahisə zamanı o, qızına əli və ayağı ilə çoxsaylı zərbələr endirərək onu halsız vəziyyətə salıb.
İttihamda daha sonra bildirilir ki, Yelmar Atakişiyev qızının halsız vəziyyətini kənardan seyr edərək ona heç bir yardım etməyib, onun ölməsinə zəmin yaradıb.
Prosesdə təqsirləndirilənə sərbəst ifadə üçün söz verilib. O, ifadəsi zamanı qızına hər hansı bir işkəncə vermədiyini, sadəcə onu tənbeh etmək məqsədilə sifətinə əli ilə bir neçə zərbə vurduğunu deyib.