Digər rəssamlar kimi, onun da bu peşəyə həvəsi uşaqlıqdan yaranıb. Kiçik yaşlarında eynək taxmaqla bağlı olan kompleksi onun bugünkü uğurunda bəlkə də, pay sahibidir. Yalnız 15 yaşında - gözlərinə linza taxdıqdan sonra cızma-qara etməyə başlayır. Bu həvəs onu Bakı Rəssamlıq Akademiyasından İtaliyanın Milan şəhərinin NABA (Nuova Accademia di Belle Arti) universitətinə qədər uzanan bir yola çıxarır.
Söhbət hazırda NABA universitetində kuratorluq ixtisası üzrə təhsil alan rəssam Cəmilə Güldən gedir.
Gənc rəssam “Qafqazinfo”ya müsahibəsində rəssamlığa baxış bucağından və gələcək hədəflərindən danışıb:
- Necə oldu ki, rəssam olmağa qərar verdiniz?
- Uşaqlıqdan marağım var idi. Məktəbdəki sərgilər həmişə diqqətimi çəkirdi. 17 yaşımda Rəssamlıq Akademiyasına qəbul oldum. Ancaq uşaqlıqda gözlərim zəif görürdü. Bunu nə mən, nə də ailəm bilib. İlk dəfə müəllimim müşahidə etmişdi və valideynimə bildirmişdi ki, uşağınız löhvəyə baxıb gözlərini qırpır. Bundan sonra yoxlanışdan keçdim və həkim eynək taxmağımı məsləhət gördü. Ancaq mən eynək taxmaq istəmirdim. Alternativ olaraq gözümə linza qoyuldu. Bundan sonra gördüm ki, gözəl rəsmlər çəkirəm. Ətrafımdakı insanlar da bununla razılaşırdı. Elə o zamandan həvəsim çoxaldı, sərgilərim oldu, fərdi rəssam kimi fəaliyyət göstərdim. Film izləmək, kitab oxumaq kimi fəaliyyətlər rəssamlıqda mənə fikirlər yaratmağa kömək edirdi.
- Hazırda magistr təhsili alırsınız. Bununla bağlı nə deyə bilərsiniz? NABA-da təhsil almaq sizə nə qatır?
- Çox şey qatıb. Marağım yalnız rəssamlığa deyil. Təşkilatçılıq və kuratorluq sahəsini daha çox sevirəm. Ona görə də ötən il Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və təqaüdü ilə NABA (Nuova Accademia di Belle Arti) universitetində “Visual Arts and Curatorial Studies” kuratorluq ixtisasına qəbul aldım.
Bu sahə özü də bir yaradıcılıqdır. Rəssam olduqdan sonra bunun geniş bir sahə olduğunu gördüm. Gələcəkdə öz sahəmdə daha da inkişaf edərək Azərbaycan incəsənətinin dünyada tanınmasına töhfə vermək, hərrac evində işləmək və şəxsi qalereyamı açmaq ən böyük arzularımdandır.
Mən əsərlərimi adətən yağlı boyalarla çəkirəm. Əslində, klassik tərzdə əsərlərim var. Karantində fikirləşdim ki, mən göstərmək istədiyim əsərləri yaratmalıyam. Hissləri və sevgini aşılamaq istədim. Bununla da əsərlərə daha abstrakt formada yanaşmağa başladım, amma fiqurativliyi də saxladım. Çünki müəllimlərim də məni belə yetişdirib. Öncəliyim abstrakt olub. Ancaq ümumi yanaşdıqda görə bilərsiniz ki, əsərlərimdə fiqur, portret və s. var.
- Ənənəvi rəssamlıq haqqında nə deyə bilərsiniz?
- Ənənəvi rəssamlar biz gənclər üçün çox vacibdir, çünki onlardan təcrübə olaraq faydalanırıq. Akademiyada oxuyanda italiyalı rəssam, Barokko rəssamlığının ilk böyük sənətçisi Mikelancelo Merisi de Karavaççonun əsərlərini kopya edirdik. Amma biz indiki zamanı göstərməliyik. Müasir rəssamlıqda texnologiyalardan istifadə edirik. Bu gün o qədər texnologiya var ki, hamısı bizim üçün yeni bir təcrübədir. Mən bəzən planşetdə “digital art”la məşğul oluram, ona da marağım var.
- İnsanların saatlarla əyləşib portret çəkdirməsinə necə yanaşırsınız?
- Biz bakalavrda oxuyanda saatlarla əyləşib bir insanı çəkirdik. Çünki şəkildən çəkəndə o insanı 2D formatında görürük. Amma canlı olanda bütün formaları görə bilirik. Çəkdiyimiz insanın mimikalarını bilmək lazımdır. Yəni rəssam həm də bu cəhətdən anatomiyanı bilməlidir. Amma indi bu hallar çox az olur. Çünki insanlarda səbir yoxdur.