Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissədə mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin bacanağı Soltan Soltanlı bildirib ki, Vahid Novruzlu ondan bank rekvizitlərini istəyib:
“Mənə dedi ki, qardaşım Almaniyadan pul göndərməlidir, hərbi qulluqçu olduğuma görə o qədər pulu kartıma qəbul edə bilmərəm. Onun üçün mən də bank rekvizitlərimi ona göndərdim. 3150 manat kartıma pul köçdü. Pulu nağdlaşdırdım və Vahid Beyləqana gələndə ona verdim. Həmin məbləğdən mənə pul çatmayıb”.
Məhkəmədə ifadə verən müttəhimin qaynı Nicat Vəlizadə bildirib ki, yeznəsi onu hərbi hissənin hospitalında qazanxanaya mülki işçi kimi işə düzəldib:
“Qazanxanada mülki işçi kimi müqavilə əsasında çalışırdım. Vahid bizə gəlmişdi. Mənə dedi ki, sənin kartına pul gələcək. Onu nağdlaşdırıb mənə verərsən. Mən də 3917 manat pulu ona verdim. Cinayət işi başlandığını Vahid saxlanıldıqdan sonra bildim”.
Daha sonra məhkəmədə ifadə verən Eşqin Həsənov bildirib ki, Vahid Novruzlu onun bölmə rəisi olub:
“Mən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Maliyyə xidmət rəisinin müavini olmuşam. Cinayət işi ilə bağlı məlumatım olmayıb. Vahid Novruzlu dedi ki, Şaiq Bayramovun kartına qardaşı Almaniyadan pul göndərib. Mən də xəstəxanada həkim olan Şaiq Bayramovun yanına gedib 2633 manat götürmüşəm. Həmin pulu işdə Vahid Novruzluya vermişəm və həmin məbləğdən mənə pul verilməyib”.
Təqsirləndirilən şəxs bildirib ki, Eşqin Həsənovun yox, Şaiq Bayramovun kartını istəməyinin səbəbi Eşqinin də hərbi qulluqçu olmasıdır. Prosesdə şahid qismində dindirilən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin mühasibi işləmiş Füzuli Ələkbərli bildirib ki, pulun Vahid Novruzluya çatacağını bilməyib: