Rejissor Elvin Rüstəmzadənin "Ayıq sürücü" qısametrajlı filmi Buzovna sakinləri tərəfindən etirazlara səbəb olub. Filmin ssenaristi Əli Ucal "Teleqraf"a açıqlamasında Buzovna sakinləri tərəfindən təhdid edildiyini bildirib.
"Ayıq sürücü" filmini təqdim etdikdən sonra çox müsbət reaksiyalar aldıq, heç kimdən aqressiya görmədik. Təqdimatdan üç-dörd gün sonra aktyor Mirzə Ağabəylinin oğlu mənə sosial şəbəkədə yazdı və bildirdi ki, film əladır, amma filmdən Buzovnanın adı çıxarılmalıdır. Mən onu başa saldım ki, film artıq yayımlanıb və bu mümkün deyil. Buzovnanın adı filmdə şərti olaraq qeyd edilir. O isə mənə cavab verdi ki, Buzovnanın adını çıxarmırsınızsa, təhqirlərə hazır olun! Sonra bizim ünvanımıza təhqirlər, söyüşlər yazmağa başladılar. Bizim filmdə Buzovnanın adını qeyd etməkdə məqsədimiz kimisə təhqir etmək deyil. Biz bu gün təhdid olunuruq. Mənə yazırlar ki, "Sizi tutacağıq", "Haradasa əlimizə keçəcəksiniz" və sair. Filmin rejissoru Elvin Rüstəmzadəyə və mənə qarşı böyük təhdidlər var. Filmin ssenari müəllifi olmaqla yanaşı, baş rolu da mən canlandırıram. Ən çox söyülən, təhqir edilən mənəm" , - deyə Ə. Ucal bildirib.