Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb
Qeyd olunan dövrdə Baş Prokurorluq tərəfindən mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb.
Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb.
Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyindən, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyəti üzrə SHXÇDX-ə təqdim olunub.
Sözügedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 1 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.