Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Ramiz qızı Rzayevanı məhkəməyə veriblər.
Pravda.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi xəbərə görə, iddia ərizəsinə Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə baxılıb.
İddiaçılar Elnarə Rzayevaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzibi, maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.
Rzayevanın üzərinə onların ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, barələrində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə bu ifadələrin əksini tapdığı “İnstaqram” internet platformasında öz durumundan (profilindən) üzr istəməsi, həmçinin eyni davranışların cavabdehə qadağan edilməsi və vurulmuş mənəvi ziyan kimi 50 min manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş ediblər.
İddia ərizəsində göstərilib ki, onlar Bakı və Sumqayıtda “LBC” adı altında estetik kosmetoloji klinikaları idarə edirlər, ölkə daxilində, eləcə də ölkə hüdudlarından kənarda çoxsaylı şəxslər tərəfindən peşəkar həkim kimi tanınırlar.
İddiaçılar bildiriblər ki, 2017-ci ildən özünü guya həkim-kosmetoloq kimi təqdim edən, heç bir tibbi təhsili və heç bir xüsusi icazəsi (lisenziyası) olmayan Elnarə Rzayeva müxtəlif sosial şəbəkələrdə onlara məxsus uğurlu estetik nəticələri əks etdirən foto-şəkilləri mənimsəyib və öz “İnstaqram” sosial platformasındaki durumdan (profildən) paylaşmağa başlayıb. Buna cavab olaraq Elnarə Rzayevaya bu hərəkətlərini dayandırması və gələçəkdə də təkrarlamaması barədə şifahi məlumat veriblər.
Lakin Elnarə Rzayeva onların ünvanına etikadan kənar, təhqiramiz sözlər yağdırıb, bu fəaliyyətini hətta açıq şəkildə sosial şəbəkələrdə canlı yayımda da davam etdirib.
Bununla bağlı iddiaçıları Nizami Rayon Məhkəməsinə müraciət ediblər və məhkəmənin 2 avqust 2018-ci il tarixli qətnaməsi ilə Elnarə Rzayevanın üzərinə onların ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, onların “Laser Beauty” adı altında fəaliyyət göstərən gözəllik salonları şəbəkəsi barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə üzr istəməsi vəzifəsi qoyulub.

Həmçinin eyni davranışlar Elnarə Rzayevaya qadağan edilib, vurulmuş mənəvi ziyan kimi iddiaçıların xeyrinə 10 min manat məbləğində pul vəsaitinin tutulması təmin olunub.
Buna baxmayaraq, Elnarə Rzayeva yenidən 12 oktyabr 2023-cü ildə özünə məxsus "İnstaqram" sosial şəbəkəsində Rəna Soltanova və Nigar Rüfətin, eləcə də onların klinikalarının ünvanına təhqiramiz post paylaşıb, şərh hissəsində təhqirlər üçün şərait yaradıb.
