Özünü "Elegant Construction" və bir neçə tikinti şirkətinin rəhbəri kimi təqdim edərək 42 nəfərin külli miqdarda vəsaitini mənimsəyən şəxsə hökm oxunub. Pravda.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1977-ci ildə Füzuli rayonuda doğulmuş Elmir M. adlı şəxs internet saytlarında və sosial şəbəkələrdə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri ərazisində ucuz və hissə-hissə ödəniş şərtləri ilə fərdi yaşayış evlərinin inşası, təmiri və satışını həyata keçirməsi ilə bağlı elanlar paylaşıb. Elmir insanlarda bu yolla inam yaratmaqla, onların etibarından sui-istifadə edib və 42 nəfərin 400 min manata yaxın vəsaitini mənimsəyib.
O, bu işin icrası üçün 2019-cu ildən metronun "Memar Əcəmi" stansiyası yaxınlığında icarəyə ofis götürüb. Əməllərindən xəbərsiz olan bir neçə nəfəri işə götürərək, fəaliyyət göstərib.
Nəticədə təqsirləndirilən şəxs Fatmayı, Ceyranbatan və digər yerlərdə ev tikmək istəyən 42 nəfərdən 8, 12, 22, 40, 44 min və digər məbləğlərdə vəsait alaraq mənimsəyib. O, birmərtəbəli tikilməli və tam təmirili təhvil verilməli olan ev üçün zərərçəkmiş şəxslərdən 39900 manatan 81 min manata qədər pul istəyib.