Azərbaycan Mərkəzi Bankın (AMB) son zamanlar vətəndaşların bank kartlarından onların adına 10-15 min manat və daha böyük məbləğlərdə kredit rəsmiləşdirməsi məsələsinə münasibət bildirib. AMB-dən bildirilib ki, maliyyə institutlarında kiber dayanıqlığın yüksəldilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən kiber təhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi, risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması və bu istiqamət üzrə digər tədbirlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir.
Bu məqsədlə, Mərkəzi Bank tərəfindən 2023-2026-cı illər üçün “Maliyyə bazarları üzrə kibertəhlükəsizlik Strategiyası” hazırlanıb və onun tətbiqinə başlanılıb. Bununla yanaşı, "Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair” Tələblər qüvvəyə minib. Həmin Tələblərdə misal üçün, fərdi məlumatların üçüncü şəxslərə icazəsiz ötürülməsinin qarşısının alınması, bu məlumatların müvafiq şifrələnmə metodları ilə qorunması və nəzarət subyektləri tərəfindən müştəriləri informasiya təhlükəsizliyi ilə əlaqədar azı rübdə bir dəfə maarifləndirməsi kimi tələblər yer alır.
2025-ci ilin yanvar ayında “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” qəbul edilib. Qayda bankda kredit dələduzluğu, pul vəsaitlərinin mənimsənilməsi, saxtakarlıq halları, müştəri hesablarının ələ keçirilməsi, kiberhücumlar kimi bankdaxili və bankdankənar dələduzluq halları üzrə risk hadisələrinin aşkarlanmasına, reyestrinin aparılmasına, hesabatlığına, monitorinqinə və bu cür risk hadisələrinin qarşısının alınması məqsədilə bankın biznes proseslərinin təkminləşdirilməsinə dair tələbləri tənzimləyir.
Həmçinin qeyd edilib ki, Mərkəzi Bankın “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda məsafədən bank hesablarının açılması və istehlak krediti müqaviləsinin bağlanması zamanı dələduzluq risklərinin minimallaşdırılması məqsədilə müştərini dürüst müəyyənləşdirməyə dair, o cümlədən video zəng və video çəkiliş aparılmasına dair tələblər müəyyən olunur. Bununla yanaşı, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna və Mərkəzi Bankın “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”na əsasən ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda, habelə bir təmassız ödənişin məbləği 100 manat (və ya ekvivalentindən), bu cür əməliyyatların günlük həcmi isə 500 manat və ya ekvivalentindən artıq olduqda banklar tərəfindən ikili autentifikasiyanı özündə əks etdirən gücləndirilmiş müştəri autentifikasiya tədbirləri həyata keçirilməlidir. Həmçinin sözügedən Qaydaya əsasən, banklar avtorizə edilməmiş və ya fırıldaqçılıq əməliyyatlarını aşkar edən əməliyyatların monitorinqi mexanizminə sahib olmalıdır.