"2011-ci ildə yaşlı bir ana gəlmişdi ki, 16 ildir oğlumu axtarıram. Ən çətin axtarışlarımdan biri idi. Ona 2014-cü ildə xəbər verə bildim. Rusiyada ucqar bir qəsəbəyə getmişdi. Orada yalnız o azərbaycanlı idi. Dedim ki, anan səni axtarır. O da cavab verdi ki, mən özüm özümü itirmişəm. Bilmədim, gülüm, ya ağlayım". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günə bax" verilişində deyib. O, aparıcısı olduğu proqramda qarşılaşdığı ən çətin axtarışlardan söz açıb:
"Həmin şəxsə söylədim ki, sən o ananın tək övladısan, necə özünü itirə bilərsən? Bildirdi ki, özüm etmişəm, onu görmək istəmirəm. Cavab verdim ki, bəs, gedib indi anana nə deyim? Söylədi ki, "sizdən bir xahişim var, anama deyin ki, tapmadım. Qoy, o ümidlə yaşasın. Tapdım, gəlmədi desəz, o qadın öləcək". Bu günə qədər məni maraqlandıran odur ki, səbəb nə idi ki, o oğlan özünü itirmişdi. Niyəsini demədi. Qadın ölən günə qədər bunu bilmədi. Bu gün də düşünürəm ki, deməməklə doğru etdim? Gərək deyərdim? Çünki ana oğlunu görmədən getdi. Doğru etdim, ya yanlış, bu günə qədər bu sualın cavabını tapa bilməmişəm".