Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Mədəniyyət Ofisinin rəhbəri və İnsan Resursları Direktoru Ziya Rəcəbov özünün sosial şəbəkə hesabında dövlət və biznes idarəetməsindəki sistem liderlərinin xüsusiyyətləri və digər üstün parametrləri ilə bağlı maraqlı təhlil aparıb. O, bu xüsusda ölkənin iki tanınmış məmurunu belə göstəricilərə tam uyğun gəldiyini vurğulayıb.
Həmin yazını oxucuların diqqətinə çatdırırıq:
İnkişaf etməyə iddialı olan ölkə və şirkətlər üçün məhsuldar sistem liderlərinə daha çox ehtiyac var. Belə qurumlara yalnız xarizmatik çıxışlarla deyil, davamlı sistem quruculuğu ilə dəyər yaradan liderlər gərəkdir. İrəliləyiş, populist ritorikalardan deyil, strukturlaşdırılmış həllərdən doğur. Bu cür liderlər mühəndis dəqiqliyi, səbr, qətiyyət və məqsədyönlü yanaşma ilə seçilirlər. Sistem liderliyinin ən çətin tərəfi insan amili ilə bağlı olanıdır. Bu səbəbdən özümüzdən iki nümunə çəkəcəm: əmək və əhalinin sosial müdafiəsi sabiq naziri Sahil Babayev və təhsil naziri Emin Əmrullayev. Onların liderlik tərzi və iş metodları qurumlarda sistemli liderliyə iddialı olan rəhbərlər üçün ciddi yerli nümunə sayıla bilər.
Bu iki məmur illərlə yığılıb qalmış, həllinə ciddi cəsarət, təmkin və səbr tələb edən ağır problemlərin altına girmişlər. İctimai qınağa tuş gələcəklərini, reputasiya riski ilə üzləşəcəklərini biləsələr də, addım-addım bu problemləri həll edirlər.
