Tanınmış meyxanaçı Balaəli Maştağalı avtomobil qəzası keçirib. İddia olunur ki, günah özündə olsa da, qarşı tərəfin zərərini ödəməyib.
Yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində, “Gənclik” istiqamətindəki işıqforun qarşısında dayanmış avtomobilə arxadan güclü zərbə dəyib. Zərərçəkmiş bildirib ki, hadisə nəticəsində avtomobilinin arxa hissəsi – iki stop işığı, bufer və baqaj qapağı hissəsi ciddi şəkildə zədələnib.
Zərərçəkmişin sözlərinə görə, sürdüyü avtomobilə çırpılan nəqliyyat vasitəsi “Mercedes Benz G-Class” markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın olub. Sürücünün isə tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında Balaəli Maştağalı kimi tanınır) olduğunu görüb.
“Mənə dedi ki, məsələni sığorta vasitəsilə deyil, şəxsi hesabına həll edəcək. Avtomobildə körpə uşağım da olduğuna görə, mübahisəyə getmədim, razılaşdım. Düşündüm ki, kişi sözüdür, etibar etmək olar. Avtomobil təmirə getdi, amma keyfiyyətsiz şəkildə bərpa olundu. Bufer hələ də tam düzəlməyib, baqaj hissəsində isə qabarıqlıqlar qalıb”, – zərərçəkmiş deyib.