Hesablama Palatası tərəfindən hansı qurumlarla bağlı materialların Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərildiyi məlum olub.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Qeyd edilib ki, hesabat ilində 4 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib. Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar və və Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi ilə bağlı dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa göndərilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.