Bakı şəhəri, Nizami rayon sakini Cəmilə Nəbiyeva "Orbita" Mənzil-Tikinti Kooperativindən (MTK) şikayətçidir. Sakin Oxu.Az-a müraciət edərək bildirib ki, sözügedən şirkət icazəsi olmadan çıxarışlı mənzilini söküb.
O qeyd edib ki, sökülən mənzil 1983-cü ildə lampa zavodunda işləyərkən ona verilmişdi:
"Zavodda işlədiyimə görə, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanındakı mənzil mənə verilib. Mən bu evi oğlumun adına özəlləşdirmişəm. 2007-ci ildə sərəncam, 2009-cu ildə isə çıxarış almışam. Evimdə məcburi köçkün ailəsi yaşadığı üçün orada məskunlaşa bilməmişəm. Həmin məcburi köçkünlər də 1993-cü ildə köçüb gələndə məskunlaşmayıblar. Kim istəsə, araşdıra bilər. 2008-ci ilin əvvəlləri gəlib evimə giriblər. Mənim həmin vaxt artıq sərəncamım var idi. Çıxarışı alandan sonra da həmin məcburi köçkün ailəsinin qeydiyyata düşməsi üçün çıxarışı vermişəm, gedib bir nəfər qeydiyyata düşüb. "Orbita" MTK evimi sökməzdən qabaq orada yaşayan məcburi köçkünləri başqa yerə köçürüb, qalmağa yer verib. Qanuni çıxarışım olan mənzilimi isə icazəm olmadan söküblər. Mənim sökülən evimin qarşılığında isə heç nə təklif edilməyib. Evimə girib yaşayan məcburi köçkün məskunlaşdırılır, amma qanuni ev sahibi mən ola-ola icazəsiz sökürlər, hələ sonrasında da heç bir tədbir görmürlər. Bir problem məndədir? Mən bunu başa düşə bilmirəm".
Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən torpaq sahəsi müvafiq qurumların icazəverici sənədləri əsasında sözügedən ərazidə yerləşən, istismar müddətini bitirmiş, müasir yaşayış tələblərinə cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə icarə əsasında "Orbita" Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilib:
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunun mütəxəssisləri tərəfindən K.Balakişiyev küçəsində yerləşən 6/10 saylı yataqxana tipli binaya texniki baxış keçirilib və binanın vəziyyəti qəzalı, yaşayış üçün yararsız kimi qiymətləndirilərək 17.05.2021-ci il tarixli texniki rəy təqdim olunub.
K.Balakişiyev küçəsində yerləşən 5 mərtəbədən, 2 girişdən ibarət 6/10 saylı yataqxana tipli bina 1963-cü ildə inşa edilib. Qeyd edilən bina müvafiq layihə əsasında 88 mənzildən ibarət inşa edilsə də, ötən illər ərzində ümumi sahələrin zəbti və artırılması sayəsində hazırda sözügedən binada 127 mənzil mövcuddur.