Xalq artisti Şeyx Əbdül Mahmudov Musavat.com-a açıqlamasında son günlər Akademik Milli Dram Teatrında baş verən qalmaqallı hadisələrə münasibət bildirib. Xalq artisti teatr rəhbərliyinə edilən təyinatların əsasız və qeyri-peşəkar yanaşmalar üzərində qurulduğunu bildirib:
“Nə qədər ki, dövlət strukturlarında vəzifələr şəxsi münasibətlər zəminində, tanışlıq prinsipi ilə “pay-püş” ediləcək, vəziyyət dəyişməyəcək. Otu gətirib itin qabağına, əti gətirib atın qabağına qoyurlar. Sonra da deyirik ki, niyə belədir? Özümüz belə etmişik, necə yəni niyə belədir? Hər kəs öz yerində olmalıdır.
Teatr xalqın siması, əxlaqı və mənəviyyatıdır. Belə bir məkana rəhbər təyin edilərkən kollektivin, sənətkarların, peşəkar teatr adamların rəyi nəzərə alınmalıdır.
Burada ömrünü bu sənətə həsr etmiş nəsillərlə ölçülən aktyor və aktrisalar var. Necə ola bilər ki, onların razılığı, xeyir-duası olmadan istənilən adamı gətirib teatrın rəhbəri təyin edirlər? Teatra rəhbər sərəncamla təyin edilərmi? Xalq artistləri, şəhid ailələri, ağsaqqal sənətkarlar, teatrşünaslar, bədii şuralar niyə bir kənara atılır?
Teatr kollektivi bir ailədir və orada rəhbərlik peşəkar, mənəvi-intellektual səviyyəsi olan, milli düşüncəyə sahib bir şəxsə həvalə olunmalıdır. Axı o kresloda vaxtilə Adil İskəndərov, Həsənağa Turabov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi sənət dahiləri əyləşib. İndi hər şey o qədər cılızlaşıb ki, salam-kəlam üstündə hazırlıqsız bir adamı gətirib təyin edirlər? Bu, sənətə hörmətsizlikdir.”