Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işinin məhkəmə ilk baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən ilk iclasda tərəflərin vəkilləri bir neçə vəsatətlə məhkəməyə müraciət ünvanlayıblar.
Prosesin sonrakı mərhələsində isə təqsirləndirilənlərin dəqiqləşdirilməmiş anket məlumatlarına aydınlıq gətirilib. Məhkəmə istintaqının başlanılması elan edildikdən sonra prokuror çıxış edərək təqsirləndirilənlərə ittihamlarını elan edib.
İttihamda bildirilib ki, Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verən hadisə qısqanclıq zəminində törədilib.
Təqsirləndirilən Elşən Müzəffərov digər təqsirləndirilən qaynı Qasım Xankişiyevlə birlikdə Rusiyada olduğu müddətdə həyat yoldaşı Gülnar Müzəffərovanın qonşusu Səxavət İsmayılovla münasibəti yaranıb.
Onların bu münasibəti 2020-ci ildən 2024-cu ilədək davam edib. Elşən Müzəffərov Rusiyadan qayıtdıqdan sonra həyat yoldaşının qonşusu ilə münasibətindən xəbər tutaraq onu öldürmək qərarına gəlir.
Qaynı Qasım Xankişiyevlə birlikdə yaşadıqları həyətdə qabaqcadan dərin çuxur qazaraq Səxavət İsmayılovu öldürməyi planlaşdırıblar. Onu bir müddət izlədikdən sonra öz həyətinə daxil olmamış tutublar və onun sifətindən qəfil zərbə vuraraq yerə yıxıblar.
Səxavət İsmayılov müvazinətini itirdikdən sonra Elşən Müzəffərov onu boğaraq qətlə yetirib.
İttihamda daha sonra qeyd edilib ki, təqsirləndirilənlər törətdikləri cinayətin izini itirmək üçün Səxavət İsmayılovun meyitini öncədən qazdıqları çuxura ataraq basdırıblar.