Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb.
Pravda.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir.
Təqsirləndirilən şəxsə izah edilir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə mayın 16-sı saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasına gəlməlidir.
Bildirilib ki, 202006049 nömrəli cinayət işi üzrə Bəbirov Orduxan Teymurxan oğlunun Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “Youtube” və “Facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.