Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə müdafiə vəkillərinin hakimə verdiyi etirazla bağlı vəsatətə baxılıb.
Vəkil Vüqar Əliyev bildirib ki, etiraza səbəb verilən vəsatətlərə baxılmaması olub: "Xahiş edirik ki, cinayət işi yuxarı instansiya - Bakı Apellyasiya Məhkəməsinə göndərilsin".
Məhkəmə etirazı baxılmamış saxlayıb.
Daha sonra məhkəmədə Bahadır Qasımovun və İkram Qasımovun səhhətləri ilə bağlı ekspertiza rəyi elan olunub. Hər iki şəxsin müalicəsinin İstintaq Təcridxanasında aparılmasının mümkün olduğu bildirilib.
Vəkillər vəsasət verərək xahiş edib ki, Bahadır Qasımov və İkram Qasımovun səhhətindəki digər problemlərlə əlaqədar onlar müalicə müəssisəsinə köçürülsün.
Məhkəmə vəsatəti təmin edib.
Prosesdə ifadə verən təqsirləndirilən Bahadır Qasımov bildirib ki, Azərbaycanda heç bir fəaliyyəti olmayıb: "1998-ci ildə Rusiyaya getmişəm. 2000-ci ildə ailə qurub Rusiya vətəndaşlığı almışam və bizneslə məşğul olmuşam. Bir müddət müxtəlif ölkələrdə şirkətlər açıb investisiya yatırmışam. Son 15 ildə isə xəstəliyimlə əlaqədar biznes işlərindən uzaq olub, pensiya alıb, yaşamışam. Prezidentin ölkəyə investisiya yatırımı ilə bağlı biznesmenlərə çağırışından sonra gəlib ölkəyə yatırım qoymuşam. Azərbaycanda bundan başqa heç bir fəaliyyətim olmayıb. Buradakı investisiyalarımın da vergisini ödəmişəm. Bir həftəlik Azərbaycana gəldim ki, Avropaya gedim. Çünki Rusiyadan birbaşa Avropaya çıxış yoxdur. Lənkəranda müalicədə olarkən qardaşım zəng etdi ki, evdə axtarış aparıblar. Mən ora gedəndə məni tutdular. Mənə elan olunmuş ittihamda özümü təqsirli bilmirəm.
İttiham olunan digər şəxsləri tanıyıram, lakin onların fəaliyyətlərindən xəbərim olmayıb. Mənim qanunsuz fəaliyyətlə məşğul olmağa heç vaxt ehtiyacım olmayıb".
Daha sonra ifadə verən İkram Qasımov bildirib ki, onun əsas ticarəti Dubayda olub: "Mən əsasən, Dubayda ticarətlə məşğul olmuşam. Bakıda heç bir fəaliyyətim olmayıb. Ümumiyyətlə, heç bir qaçaqmalçılıq fəaliyyətim olmayıb. Evimə aldığım hədiyyələri qaçaqmalçılıqla gətirdiyimi deyiblər, amma bu doğru deyil. Elan olunmuş ittihamda özümü təqsirli bilmirəm. Evimdə axtarış zamanı tapılan silahların isə hamısı mənə aiddir və qanunidir. Hamısının sənədi var. Lakin ofisdən tapılan silahlar mənə aid deyil. Evimdə tapılan qızıllara gəldikdə, onlar ailəmə aldığım hədiyyələrdir. Bizim ailə əsrlərdir Bakıda yaşayır. İki-üç ev, 5-6 maşın niyə ala bilməyim ki?".