Bu gün quru sərhədlərin bağlı qalması bir çox amillərlə izah edilir. Ancaq məlumdur ki, sərhədlərin qapalı saxlanması iqtisadiyyata və turizm sektoruna mənfi təsir göstərir. Bəs, Gürcüstan və digər qonşu ölkələrlə iqtisadi əlaqələrin canlanması üçün quru sərhədlərin açılması nə qədər əhəmliyyətlidir? Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli KONKRET.az-a açıqlamasında bildirib ki, quru sərhədlərin açılması çox vacibdir. Ancaq çox güman xüsusi əhəmiyyətli səbəblər var ki, quru sərhədləri bağlı saxlayırlar.
“Sərhədyanı ticarətin inkişafı üçün quru sərhədlərin açılması lazımdır. Həm də sərhədyanı rayonlarda yerləşən əhalinin sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün bu, gərəklidir. Məsələn, Gəncədən Tiflisə olan məsafə çox qısadır. 40 və yaxud 45 dəqiqəlik yoldur. Amma Gəncədən Tiflisə getmək istəyən şəxs quru sərhədlərin bağlı olmasına görə, əvvəlcə Bakıya gəlib, ordan isə təyyarə ilə Gürcüstana yol alır. Demək olar ki, insanın bütün günü yola sərf olunur. Bu isə həm cibə, həm də vaxta zərbədir”.