Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə "Yeni Klinika"dan gələn müayinə və rentgen cavabları elan olunub.
Məlum olub ki, zərərçəkən qismində tanına Valeriy Zaxarenkovun sol dirsəyində sümüyün minimal yerdəyişmə sınığı mövcud olub.
Konstantin Kuçerin vəkili Elşad Əliyev vəsatət verərək bildirib ki, tərəflər arasında borcun ödənilməsi ilə əlaqədar danışıqlar gedir: "Əgər danışıqlar uğurla keçərsə, barışıq əldə olunacaq. Barışıq üçün deyilən 2 milyon 700 min avronun bir hissəsi müəyyən işlərdə müqavilə üzrə icra edilib. Qalan şirkətlərə borc isə 1 milyon 200 min avroya yaxındır. Həmin borcu da Əmanətlərin Sığortalanması Fondu Konstantin Kuçerin ləğv edilmiş "Günay Bank"da olan batmış pulunu verərək qarşılayır. Lakin qarşı tərəf bunu qəbul etmir. Ümumilikdə müqavilə üzrə 10 hissədən 6-sı icra olunub. Qalan 4 hissə Rusiyada müharibə ilə əlaqədar yaranan məhdudiyyətlər və bankın bağlanmasına görə meydana gəlib. Ortada dələduzluq faktı yoxdur”.
O, məhkəmədən mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edib: “"Aviazapchast" ASC, "Promyshlennye Postavki və "AeroDesign" ilə "Global Force" şirkəti arasında aparılmış maliyyə əməliyyatlar məhkəməyə təqdim edilsin".
Dövlət ittihamçısı təqdim olunmuş vəsatətdə göstərilənlərin cinayət işi ilə əlaqəsi olmadığını bildirərək vəsatətin təmin olunmamasını istəyib.
Vəsatətə münasibət bildirən Konstantin Kuçerə məhkəmə barədə işlətdiyi ifadəyə görə xəbərdarlıq olunub.