Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 18-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev əvvəlcə prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra zərərçəkmiş şəxslər sərbəst ifadə verib, dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən onlara ünvanlanmış sualları cavablandırıblar.
Zərərçəkmiş şəxs Yaşar Əlməmmədov 1956-cı ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadığını bildirib. O, təqsirləndirilən şəxslərdən Bako Sahakyanı, Arkadi Qukasyanı və Madat Babayanı tanıdığını deyib.
Y.Əlməmmədov 1992-ci il fevralın 25-də şəhərin dəmir yolu hissəsində postda olduğunu, saat 20 radələrində Xankəndi istiqamətindən gələn zirehli texnikanın şəhərin ətrafında mövqe tutmağa başladığını, saat 23 radələrində şəhərə hücum edildiyini deyib. Qeyd edib ki, gecə saatlarında Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə şəhərə girdikdən sonra o, sakinlərlə birlikdə meşəyə gedib. Erməni hərbçilərin onları atəşə tutmaları nəticəsində çox sayda insan həlak olub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Y.Əlməmmədov bildirib ki, fevralın 27-də Pircamal kəndi yaxınlığında onlar girov götürülərək tövləyə aparılıb, bir qədər sonra daha 50 nəfərə yaxın Xocalı sakini oraya gətirilib. Onun sözlərinə görə, əsirlərə misli görünməmiş işgəncə verilib, onu da qarın üstünə uzadaraq döyüblər. Pircamal kəndində iki gün saxlanıldıqdan sonra onlar Xankəndi şəhərinə aparılıb. Daha sonra əsirlər döyülüb işgəncə verilərək martın 1-də Əsgərana gətirilib. Burada polis şöbəsində yanğından mühafizənin rəisi işləmiş Karo adlı erməni dəyənəklə onu huşunu itirənə qədər döyüb.
Y.Əlməmmədov 1992-ci il martın 2-də Azərbaycan tərəfinə təhvil verilib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs əsirlikdə olduğu müddətdə qolunun, barmağının, qabırğalarının, ayağının sındırıldığını və digər xəsarətlər aldığını deyib. Y.Əlməmmədov təqsirləndirilən şəxs Madat Babayanın ona süngü-bıçaqla xəsarət yetirdiyini də bildirərək deyib: “Erməni hərbçilər, şəxsən Madat Babayan özü mənə işgəncə verib. Əsir olan vaxt Madat mənə yaxınlaşdı, “sən türksən” deyib təpiklədi, sonra təhqir etdi. Üstündəki süngü-bıçağı çıxarıb mənə sancdı”.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən zərərçəkmiş şəxs qeyd edib ki, həmin vaxt Xədicə adlı qadının iki ayağını dizdən aşağı kəsmişdilər: “Xocalıda Axıska türkləri də yaşayırdılar. Madat Babayan, tərkibində olduğu silahlı dəstəsindəki hərbçilər Axıska türkü olan iki qardaşı gözümüzün qabağında güllələyib öldürdülər. Onlar azərbaycanlıların bəzilərini aparıb qəbirlərin üstündə başlarını kəsirdilər, bəzilərini kilsədə asırdılar”.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq Y.Əlməmmədov qardaşı Faiq Əlməmmədovun erməni hərbçiləri tərəfindən öldürüldüyünü, digər qardaşı Namiq Əlməmmədovun isə əsir götürüldüyünü, onun indiyədək itkin olduğunu deyib.
Məhkəmədə zərərçəkmiş şəxs barəsindəki tibbi-ekspertiza rəyi də elan olunub.
Daha sonra zərərçəkmiş şəxs Sovet Allahverdiyev ifadə verib. 1954-cü ildə Xocalıda anadan olduğunu və orada yaşadığını bildirən S.Allahverdiyev atasının, iki qardaşının və qardaşı oğlunun Xocalı soyqırımı zamanı itkin düşdüyünü, daha iki qardaşının və anasının isə girov götürüldüyünü deyib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab olaraq zərərçəkmiş şəxs bildirib: “Onlar fevralın 25-dən 26-na keçən gecə bütün yolları bağlamışdılar ki, çıxa bilməyək, azərbaycanlı olduğumuz üçün bizim hamımıza qarşı soyqırımı törətsinlər. Qətlə yetirilən əhalinin 50 faizi “dəhliz” deyilən ərazidə öldürülənlərdir. Guya həmin hissəni vermişdilər ki, əhali çıxsın.
Ağdamda meyitləri meşədən gətirirdilər. Oradakı meyitlərin əksəriyyəti tanınmaz halda idi. Başlarının dərisini soymuşdular, beyinləri, başları dağılmışdı. Ancaq paltarından tanıyırdıq”.
O, Xocalı soyqırımı zamanı qətlə yetirilən şəxslərdən 18 nəfərinin meyitinin 2023-cü ildə Xocalıda tapılan zaman onların ayaqlarının və qollarının məftillə bağlı vəziyyətdə olduğunu da söyləyib.
Məhkəmədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş hadisələrlə bağlı müvafiq istintaq hərəkəti protokolları tədqiq olunub.
Daha sonra Xocalı soyqırımı ilə bağlı kadrların nümayiş etdiriləcəyi, videomateriallarda həssas məqamların olduğu nəzərə alınaraq, ürəyi zəif olanların zaldan çıxmaları barədə xəbərdarlıq edilib.
Videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə olub. Videonun nümayişi zamanı zalda olanlar kövrəlib.