“AQTA-nın nümayəndələri qidalardan nümunələr götürdülər və bildirdilər ki, hər şey qaydasındadır. Bu yeməklər restoranda iki zala verilib. Zalın birində ayrı-ayrı insanlarda zəhərlənmələr olub, digərində isə heç kim zərər görməyib”. Bunu Musavat.com-a açıqlamasında ötən gün toyda 32 nəfərin zəhərlənməsi ilə bağlı danışan “Venesiya” şadlıq sarayının məsul şəxsi Habil Şükürov deyib.
“Bu yeməkləri eyni aşpazlar hazırlayıb. Nə oldu zalın birində zəhərlənmə oldu, digərində yox. Bizim özümüzə də maraqlıdır. Restoranın əməkdaşları da həmin yeməklərdən yeyiblər və heç birimizə heç nə olmayıb”.
Qeyd edək ki, dünən Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində 32 nəfər zəhərlənib. Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd Musavat.com- a bildirib ki, 19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.