Son günlər sosial şəbəkə platformalarında şadlıq evlərində POS-terminalların quraşdırılmaması və ödəniş zamanı qəbz təqdim edilməməsi ilə bağlı narazı fikirlər səsləndirilir. İstifadəçilər eyni halın gözəllik salonları, mehmanxanalar və digər xidmət obyektlərində də müşahidə olunduğunu bildirirlər. Bu isə sual doğurur: hansı obyektlərdə POS-terminal quraşdırılması və müştəriyə qəbz təqdim edilməsi məcburidir? Oxu.Az məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb.
Xidmətdən bildirilib ki, dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, bir sıra təsərrüfat subyektləri üçün POS-terminalların quraşdırılması məcburi hesab olunur:
"Nazirlər Kabinetinin "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"na əsasən, bu obyektlərə ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə məkanları, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, nəqliyyatda (hava, su, dəmir yolu və avtomobil) biletlərin satış məntəqələri, turizm şirkətləri daxildir".