Mədə yanğısı günün istənilən anında qəfil ortaya çıxaraq narahatlığa səbəb ola bilər. Lakin Amerikalı gastroenteroloq Cosef Salhab bu narahatlığı cəmi bir neçə dəqiqə ərzində, üstəlik dərman istifadə etmədən aradan qaldırmağın mümkün olduğunu bildirib.
Bu barədə həkim özünün "Instagram" səhifəsində paylaşım edib.
Nə kömək edir?
Mədə yanğısı - adətən mədə turşusunun qida borusuna keçməsi nəticəsində yaranan yanma hissidir.
Dr. Salhab bu vəziyyətə qarşı iki sadə və təsirli üsul tövsiyə edir:
"Şəkərsiz saqqız və ya boğaz konfetlərindən istifadə edin və gəzməyə başlayın. Bir neçə dəqiqə içində yanğının azaldığını görəcəksiniz".
Bu üsul ağızda tüpürcək ifrazını artırır, tüpürcək isə qida borusuna keçərək turşuya qarşı qoruyucu qat yaradır. Bundan əlavə, çeynəmə hərəkəti bədəni yemək yeyildiyinə "inandırır", nəticədə qida borusu hərəkətə keçərək artıq turşunu oradan uzaqlaşdırır.
Gəzinti də kömək edir
Araşdırmalar göstərir ki, müntəzəm gəzinti həzm sisteminə müsbət təsir edir - iltihabı azaldır, həzm prosesini yaxşılaşdırır. Bu səbəbdən, yeməkdən dərhal sonra uzanmaq əvəzinə qısa bir gəzinti etmək tövsiyə olunur. Gəzinti həm də qan şəkərini tənzimləyir, ömrü uzadır və stressi azaldır.