Bakı şəhər sakini Zarina Minkovskaya "VMR Estetik" klinikasının kosmetoloqu Gülsüm Əliyevadan şikayətçidir.
Pravda.az BakuPost.az-a istinadən xəbər verir ki, pasiyent kosmetoloqun həyata keçirdiyi prosedurdan sonra sağlamlığında ciddi problemlər yarandığını bildirib.
Z.Minkovskayanın sözlərinə görə, 5-6 il əvvəl o, "Instagram"da Gülsüm Əliyevanın və onun çalışdığı klinikanın reklamını görüb:
"Mənə burada 1000 manat məbləğində prosedur olundu. 2024-cü ildə yenidən Gülsüm Əliyevaya ayaqlarıma prosedur etdirdim. Bu dəfə 1300 manat xərcim çıxdı.
İkinci prosedur zamanı dedi ki, biz artıq gellə işləmirik, piylə işləyirik, qarın nahiyəsindən götürüb köçürürük. Mən soruşdum ki, bu reaksiya verməz? Axı siz, əvvəl geldən istifadə etmisiniz? Dedi ki, heç bir problem olmayacaq, çünki artıq ayaqlarında gel qalmayıb. Mən də ona inandım. Gəldim və proseduru icra etdi. Qeyd edim ki, onlar pulu kassa vasitəsilə deyil, kartdan-karta aldılar. Bu təqribən 2024-cü il martın sonlarında, təkrar korreksiya isə səhv etmirəmsə, mayda oldu".

Şikayətçi deyir ki, təkrar korreksiyadan sonra ağrıları başlayıb:
"Mən bu barədə Gülsüm Əliyevaya dedim. O bildirdi ki, bu normal haldır, keçib gedəcək. Ancaq mənim vəziyyətim pisləşdi, ağrılarım daha da artdı. Prosedur olunan və iltihab prosesi başlayan nahiyədə temperatur artdı. Yenə onunla görüşdük. Dedi ki, mən xaricə gedirəm. O, vaxtaşırı Türkiyəyə işləməyə gedirdi. Mənə 5 günlük sistem və antibiotiklər təyin etdi.
Müalicənin birinci günü antibiotiki qəbul edəndən sonra ayağım şişdi. Hətta ayağa qalxa bilmirdim. Gülsüm Əliyeva artıq Türkiyədə idi, mən ona zəng etdim ki, yerimdən qalxa bilmirəm, ayağım tamam şişib. O dedi ki, qorxma, antibiotikləri qəbul et, sistemi köçür, keçəcək. Yenə antibiotik qəbul etdim və səhəri bir az yüngülləşdim. Gəzirdim, amma axsayırdım. 5 gün həmin müalicəni etdim. İyunun 27-də mən onun yanına getdim, skalpellə ayağımı deşdi. Yaradan xeyli irin axdı. Kosmetoloq yaranı yudu və dedi ki, söz verirəm, 10 günə keçəcək. Amma üstündən 3-4 ay keçdi, xeyri olmadı. Hər dəfə söz verirdi ki, keçəcək, olmurdu".

Z.Minkovskaya deyir ki, nəyinsə yolunda getmədiyini başa düşüb:
"Ona görə də, başqa klinikaya gedib USM etdirdim. Orada həkimlər öz aralarında danışanda, eşitdim ki, maye böyük venaya keçib və yuxarı qalxıb. Dedilər ki, hər iki ayağımdan geli təcili təmizləmək lazımdır. Çünki artıq sağ ayağımda da, sol ayağımda olduğu kimi, iltihab başlayacaq. Elə də oldu, 8 aydan sonra - yanvarda sağ ayağımda da iltihab başladı. Mən zəng edib Gülsüm Əliyevaya ikinci ayağımda da iltihab yarandığını dedim. Bildirdim ki, həkimlər deyir, oradan geli çıxarmaq lazımdır. Dedi ki, yox, lazım deyil, keçəcək. Ona ayağımda yaranan qırmızı ləkənin fotosunu göndərdim. Dedi ki, bu, yəqin allergiyadır, 3-4 günlük antibiotik yazıram, tezliklə keçəcək.

