“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə 1 milyon 300 min dollarının ələ keçirilməsi ilə bağlı məhkəmədə ifadə verib.
Babək Məmmədzadə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.
Bu iş üzrə 33 yaşlı birjaçı Nizami Alışan mühakimə edilir. İttihama görə, Nizami Babək və digər iki nəfərin investisiya saytındakı 4 milyon manatını ələ keçirib.
Babək Məmmədzadə ifadəsində deyib ki, ixtisasca diplomatdır. Xeyli vaxtdır Türkiyədə yaşayır, orada tikinti işi üzrə sahibkardır. Nizami ilə 20 ildən çoxdur tanışdır, orta məktəbdə bir sinifdə oxuyublar. Zərərçəkmiş Nizaminin birja işlərində bacarıqlı olduğunu etiraf edib, bu səbəbdən onunla iş görüb: “2021-ci ilin əvvəlindən birlikdə işləməyə başladıq. Dedi ki, yaxşı fürsətlər var, pul qoy, pul götür. Mən də razılaşdım. Əvvəlcə 100 min qoydum. Bir neçə aya 1 milyon 300 min dollar etdi. Amma o pulu götürə bilmədim. 2023-cü ilin əvvəlində artıq şübhələnməyə başladım. Bundan sonra bir müddət də müxtəlif bəhanələrlə məni aldatdı. Gah saxta elektron poçt ünvanları göndərdi, gah dedi pulu başqa şirkətə köçürüb. Məcbur qalıb şikayət etdim. Mənimlə görüşəcəyi gün də onu həbs etdilər. Nizami sinif yoldaşım idi, ağlımın ucundan keçməzdi ki, məni aldadar”.
Hakim Vüqar Quliyev zərərçəkmişdən investisiya şirkətinə qoyduğu pulları necə qazandığını soruşub, həmin pulun onda olub-olmamasını dəqiqləşdirmək istəyib. Zərərçəkmiş isə həmin pulları dostlarından götürdüyünü, şəxsi avtomobilində Nizamiyə verdiyini deyib.
Təqsirləndirilən şəxsin vəkili Samir İsayev isə Babəkdən müvəkkili ilə hansı şərtlə razılaşdığını soruşub.