“Ötən gündən etibarən icaze.e-gov.az sistemi vasitəsilə Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarına uyğun olmayan icazələrin xeyli hissəsi ləğv edilib. İcazələrin tənzimlənməsi NK qərarına əsasən İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. icaze.e-gov.az portalının idarəetməsi isə ASAN -a məxsusdur”.
Pravda.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib.
O.Gündüz prosesdə ciddi problemlərin olduğunu vurğulayıb: “İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin məlumat bazasında olan, əsas fəaliyyət növləri kodlaşdırılan və fəaliyyətinə icazə verilməyən qurumların VÖİN-lərini ASAN-a yönəldir. ASAN isə icaze.e-gov.az Portalın bazasında olan bu VÖEN-lərin icazələrini bir düyməni basmaqla ləğv edir. Bu qurumlar, ümumiyyətlə yeni icazə üçün sistemə əlavələr edə bilmirlər. İcazələrin ləğvi ilə bağlı hər hansı bildiriş verilmir. İcazələrin ləğvi prosesində qanunvericiliyin tələblərinə əməl olunubmu? Sosial mediadan əldə etdiyim məlumat onu deməyə əsas verir ki bu prosesdə ciddi problemlər var. İqtisadiyyat Nazirliyi və ASAN icazələrin ləğvetmə prosesində NK-nın qərarına zidd olaraq qüsurlara yol verir:
1. İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qurumların icazəsinin ləğvi ilə bağlı bildirişlər verilməyib və nəticədə cərimələr tətbiq edilib.
2. Fəaliyyət kodu üzrə icazənin niyə ləğv olunduğunu aydınlaşdırmaq, yeni icazə müraciətləri üçün çevik və effektiv mexanizmlər nəzərdə tutulmayıb.
3. İN bir neçə fəaliyyət istiqaməti olan qurumların icazəsini müəyyən edərkən birmənalı olaraq fəaliyyətinə icazə verilməyən istiqaməti əsas götürüb və onun icazəsinin ləğvi üçün VÖEN -nini ASAN -a yönləndirib.
Belə olan halda isə qurum qanuni fəaliyyətinə icazə verilən sahə üzrə işlərini davam etdirə bilməyib. İşçiləri cərimələrlə üzləşib.