Bir neçə gün öncə Əməkdar artist Aybəniz Haşımovanın qızı, tanınmış bloqer Aynişan Quliyeva şəxsi “Instagram” hesabında dələduzluq hadisəsi ilə bağlı ciddi xəbərdarlıq yayımlayıb. Onun paylaşımında bildirilir ki, naməlum bir şəxs onun adından insanlara yazaraq maddi vəsait tələb edib. Həmin şəxs bu yolla etibar qazandığı insanları aldadaraq onların inamından sui-istifadə edib.
Aynişan Quliyevanın sözlərinə görə, dələduz yalnız onun deyil, anası Aybəniz Haşımovanın da etimadını qazanmağa nail olub. Bloqerin vurğuladığına əsasən, bu şəxsin onların şəxsi həyatına dair kifayət qədər məlumatlı olması – məsələn, onun anasının harada olub-olmaması kimi detalları bilməsi – vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir.
Bu kimi hallarda sual yaranır: Dələduz bu cür şəxsi və dəqiq məlumatlara necə yiyələnir?
Yenisabah.az məsələni informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayevlə müzakirə edib:
“Bu cür dələduzluq halları sosial mühəndislik (social engineering) texnikaları ilə əlaqəlidir. Dələduzlar insanların güvənini qazanaraq şəxsi məlumatları əldə edirlər və sonra bu məlumatlardan istifadə edərək daha çox insanı aldatmağa çalışırlar. Bu vəziyyətdə də, dələduz, tanınmış şəxslərin sosial şəbəkə hesablarına daxil olaraq ya da onlara yaxın şəxslər haqqında məlumatları toplayaraq etibar qazanmaya çalışıb.
Sosial mühəndislik texnikası insanların güvənindən istifadə edərək məlumatlarını əldə etmək və ya onları aldatmaq məqsədilə həyata keçirilən manipulyasiya prosesidir.